ELM VƏ TƏHSİL


AZƏRBAYCAN ELMİNİN TARİXİNDƏ İLK KƏŞF QEYDİYYATDAN KEÇMİŞDİR

Bu günlərdə xalqımız üçün dövlət başçımız Heydər Əliyev siyasətinin milli elm də daxil olmaqla, bütün sahələrdə nə qədər müdrik və düşünülmüş olduğunu sübuta yetirən daha bir fərəhli hadisə baş vermişdir.

Beynəlxalq Elmi Kəşflər Akademiyası və Rusiya Təbiət Elmləri Akademiyasının məlumatına görə, Azərbaycanda ilk elmi kəşf 239 nömrə ilə qeydiyyatdan keçmişdir. Elmi kəşfin müəllifləri görkəmli Azərbaycan və Rusiya alimlərindən Milli Elmlər Akademiyasının akademiki, mərhum Mehdiyev Şəfayət Fərhad oğlu, Rusiya Elmlər Akademiyasının akademiki Xain Viktor Yefimoviç, fizika-riyaziyyat elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki İsmayılzadə Tofiq Əli oğlu və geologiya-mineralogiya elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Xəlilov Elçin Nüsrət oğludur.

Kəşf “Vulkan püskürmələrinin məkan-zaman paylanmasının qanunauyğunluğu” adlanır.

Kəşfin müəlliflərindən biri professor Tofiq İsmayılzadə azərbaycanlı müəlliflər adından Moskvaya gedib. Ona rəsmi olaraq kəşfin müəllifləri üçün diplom və medal təqdim ediləcəkdir.

Kəşfin digər müəllifi, geologiya-mineralogiya elmləri doktoru Elçin Xəlilov AZƏRTAC-ın müxbirinə demişdir:

-Son on ildə nəinki bizim, həm də digər ölkələrin alimləri tərəfindən bu kəşfi tamamilə təsdiqləyən yeni məlumatlar alınmışdır. Yalnız bu günlərdə biz Rusiyadan məlumat aldıq ki, bu kəşf 239 nömrə ilə qeydiyyatdan keçib. Bu, həm də Azərbaycan elmi tarixində rəsmi surətdə təsdiqlənmiş ilk elmi kəşfdir.

MEA-nın akademiki Şəfayət Mehdiyevin kəşfə görə medalı onun oğlu, MEA-nın vitse-prezidenti, akademik Arif Mehdiyevə veriləcəkdir.

Alimlər təxminən bir əsr ərzində planetimizin vulkanlarının fəallığının vahid sikliliyini müəyyən etməyə çalışmışlar. Lakin bu cəhdlər müvəffəqiyyət qazanmamışdır. Bu xoşbəxtlik bizə müyəssər olmuşdur.

Bu kəşfin mahiyyəti ondan ibarətdir ki, vulkan püskürmələrinin əvvəllər məlum olmayan məkan-zaman paylanmasının qanunauyğunluğu dünyada ilk dəfə olaraq müəyyən edilmişdir. Yerin müxtəlif hissələrində minlərlə kilometr məsafədə yerləşən, eyni geodinamik növə malik olan vulkanların öz fəallığını eyni vaxtda artırmasını və azaltmasını müəyyən etmək bizə müyəssər olmuşdur. Bizim kəşfimiz sübut edir ki, vulkanik fəallıq sikllərinin amplitudu verilmiş sikli qabaqlayan vulkan sakitliyi dövrü ilə düz mütənasibdir.

Mən bir faktı xüsusi qeyd etmək istərdim ki, bu kəşfin qanunuliyini və dünyəvi əhəmiyyətini sübut etmək son 10 ildə alınmış nəticələr sayəsində bizə müyəssər olmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin elmə göstərdiyi müstəsna diqqət və qayğı sayəsində mümkün olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.