RƏSMİ XRONİKA


AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA PREZİDENTLƏRİ BƏYANNAMƏ İMZALAMIŞLAR

AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Rusiya dövləti başçısının “Mayn Dorf” iqamətgahında, üçtərəfli formatda görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar.

Bəyannamənin imzalanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak etmişlər.

Rusiya Federasiyasının Prezidenti kütləvi informasiya vasitələrinin nümayəndələrini Bəyannamənin mətni ilə tanış etmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ, ERMƏNİSTAN

RESPUBLİKASININ VƏ RUSİYA FEDERASİYASININ

BƏYANNAMƏSİ

Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri 2008-ci il noyabrın 2-də Moskvada görüşərək,

Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik şəraitində konkret şəkildə və dolğun müzakirə edərək,

1. Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.

2. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədi ilə 2007-ci ilin noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyalar nəzərə alınmaqla, həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətə malik olmasını təsdiq edirlər.

3. Razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir.

4. Qeyd edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə təmasların gedişində davam etdirmək barədə razılığa gəlmişlər və özlərinin xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırmışlar.

5. Münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin