AZƏRBAYCAN FRANSADA KEÇİRİLƏCƏK “TOPRESA” BEYNƏLXALQ TURİZM SƏRGİSİNƏ DƏVƏT OLUNMUŞDUR
AzerTAg.az
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan sentyabrın 21-dən 25-dək Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisinə dəvət olunmuşdur.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın turizm potensialının nümayiş olunması üçün 60 kvadratmetr stend icarəyə götürülmüşdür. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcəkdir.
Tədbir çərçivəsində Fransaya Azərbaycanın milli rəqslərini ifa etmək üçün rəqs qrupu da ezam olunacaqdır. Azərbaycanın tanınmış turizm şirkətlərinin də qatılacağı sərgidə nümayiş olunacaq materialların fransız dilinə tərcüməsi başa çatmışdır.
Azərbaycan Fransada keçiriləcək “TOPRESA” beynəlxalq turizm sərgisində artıq ikinci dəfə iştirak edəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var