SİYASƏT
AZƏRBAYCAN-FRANSA DOSTLUQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINA DAİR FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Mayın 12-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəisi Üq Perne ilə görüşmüşdur.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Fransa-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə, əlaqələrin bir çox sahələrdə inkişafına, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparılmış və bu istiqamətdə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Sonra qonağın xahişi ilə ölkəmizin xarici siyasət idarəsinin başçısı regiondakı vəziyyət, respublikamızda həyata keçirilən demokratik islahatların inkişafı barədə məlumat vermişdir.
Görüşdə Vilayət Quliyev və Üq Perne dünyada baş verən bir sıra proseslər, o cümlədən İraq ətrafında yaranmış vəziyyətlə bağlı məsələləri də müzakirə etmişlər.