SİYASƏT


AZƏRBAYCAN–FRANSA DOSTLUQ QRUPU PARİSDƏ İŞGÜZAR GÖRÜŞLƏR KEÇİRMİŞDİR

Fransa Senatının təşəbbüsü ilə Parisə gəlmiş Milli Məclisin deputatları – beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, parlamentin Azərbaycan-Fransa dostluq qrupunun sədri Gülər Əhmədova, qrupun üzvlərindən Əli Əlirzayev, Vəsadət Əzizov və Əliməmməd Nuriyev səfərin ilk günü Normandiya əyalətinə gedərək, yerli müəssisələrin işi ilə yaxından tanış olmuşlar.

Sonrakı günlərdə deputatlarımız Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Üq Perne, Senatın sədr müavini Serj Vənson, Fransa Milli Məclisində Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümon, Senatın Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Ambruaz Düpon, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Anri Jakolənlə görüşmüşlər. Görüşlər zamanı Azərbaycan nümayəndələri ölkələrimiz arasında əlaqələrin inkişafına toxunmuş, respublikamızda aparılan islahatlar, mövcud siyasi və iqtisadi vəziyyət barədə məlumat vermişlər.

Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın, habelə ətraf rayonların Ermənistanın işğalından azad edilməsi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi geniş müzakirələr doğurmuşdur.

Deputatlarımız iflic vəziyyətə düşmüş iqtisadiyyatını dirçəltmək və əhalisinin yaşayış səviyyəsini yüksəltmək üçün Ermənistanın işğal etdiyi ərazilərdə məhsul becərdiyini, təbii sərvətlərimizi daşıyıb başqa ölkələrə apardığını xatırlatmışlar. Bildirilmişdir ki, Ermənistanın büdcəsinin 80 faizi bilavasitə xarici ölkələrin yardımı və ölkədən kənarda yaşayan varlı ermənilərin köməyi sayəsində formalaşır, bu məsələdə Fransanın da müəyyən rolu vardır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti təkliflərinin ən ümumi cəhətləri barədə söhbət getmişdir. Azərbaycan tərəfi işğal olunmuş ərazilərin nəzarətdən kənarda qaldığını, orada narkotik xassəli bitkilərin becərildiyini, terrorçu qrupların hazırlandığını, narkotik vasitələrin satışından əldə edilən gəlirin terrorçu qrupların və separatçı dəstələrin silahlandırılmasına xərcləndiyini əsaslı dəlillərlə diqqətə çatdırmışlar. Deputatlarımız xatırlatmışlar ki, on ildən artıqdır Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğuldurlar, lakin indiyə qədər irəliləyiş yoxdur. Çünki bu məsələdə münaqişə tərəflərinə eyni meyarla yanaşılmışdır. Belə münasibətin mahiyyəti isə hər iki ölkənin eyni şəkildə məsuliyyət daşıdığını göstərməkdir. Halbuki Minsk qrupunu təmsil edən ölkələr Gürcüstanda, Moldovada və Çeçenistanda münaqişələri dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırırlar. Azərbaycana gəldikdə isə, nədənsə, bu problemin iki dövlət arasında həll olunması təklifini irəli sürürlər. Azərbaycan nümayəndələri xüsusi vurğulamışlar ki, problemin həllinə beynəlxalq hüquq normaları baxımından yanaşılmalı, BMT Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələrə əməl olunmalıdır.

Fransa tərəfi ölkə əhalisinin Azərbaycan barədə az məlumata malik olduğunu qeyd etmiş, onu Fransada tanıtdırmaq üçün belə görüşlərin tez-tez keçirilməsinin, mədəniyyət günlərinin, sərgilərin təşkil edilməsinin vacibliyini vurğulamış, Azərbaycanda demokratik islahatların həyata keçirilməsindən, söz azadlığının, insan hüquqlarının qorunmasından, yoxsulluğun azaldılması üçün görülən tədbirlərdən razı qaldığını bəyan etmişdir.

ATƏT-in Minsk qrupunun həmsədri Anri Jakolən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair yeni təkliflərin hazırlandığını bildirmişdir.

Azərbaycan nümayəndə heyəti Senatın sədri Kristian Ponsele ilə də görüşmüşdür. Görüş iştirakçıları ölkələrimizin əlaqələrinin inkişafında prezidentlər Heydər Əliyevin və Jak Şirakın səylərini yüksək qiymətləndirmiş, onlar arasındakı dostluq münasibətlərini xüsusi vurğulamışlar. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Fransanın iştirakı ilə hər üç ölkənin parlament sədrlərinin görüşünün keçirilməsi barədə K.Ponselenin təşəbbüsü razılıqla qarşılanmışdır. Senatın sədri Fransanın köməyi ilə Azərbaycanda müasir kardioloji xəstəxananın tikilməsi barədə də təklifini bildirmişdir.

Bu görüşlərdə Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova iştirak etmişdir.

X X X

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Fransanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini senator Danyel Qule və Monitorinq komitəsinin sədri Jozet Düryo ilə görüşündə Fransa və Azərbaycanın parlamentlərinin AŞPA-dakı deputatları arasında sıx əlaqələr yaradılması, Monitorinq komitəsi üzvlərinin ölkəmizdəki fəaliyyətləri və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparmışdır.

Deputat Vəsadət Əzizov ilə Pitye-Salpetryek kardioloji federasiyasının direktoru, professor Danyel Toma arasındakı görüşdə ürək-damar xəstəlikləri sahəsində hər iki ölkənin həkimlərinin təcrübə mübadiləsindən söhbət getmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.