AZƏRBAYCAN FRANSA ÜÇÜN MÜHÜM TƏRƏFDAŞDIR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərindən sonra yaydığı bəyanatda dövlətimizin başçısının ilk səfərini Fransaya etməsindən məmnunluq bildirilir. Bəyanatda vurğulanır ki, Azərbaycan Fransa üçün mühüm tərəfdaşdır. Rəsmi Paris demokratiyanın inkişaf etdirilməsi və hüquqi dövlət quruculuğu sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində Azərbaycanı dəstəkləyir.
Xüsusi vurğulanır ki, Fransa Azərbaycanla ticarət sahəsində üçüncü partnyordur. 2003-cü ildə Fransa ilə Azərbaycan arasında ticarət mübadiləsi üç dəfə artaraq 110 milyon avronu keçmişdir.
Fransa Prezidenti Jak Şirakla Prezident İlham Əliyevin yanvarın 23-də keçirilmiş görüşündən sonra Yelisey sarayının yaydığı məlumatda deyilir ki, görüş zamanı ikitərəfli münasibətlərin gücləndirilməsi, Qafqaz bölgəsində əsas aktual mövzular və Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılmışdır. Məlumatda Minsk qrupu çərçivəsində Fransanın bu problemin davamlı həllini birlikdə tapmaqda Azərbaycan və Ermənistanın səylərini dəstəkləməyə hazır olduğu bildirilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var