İDMAN
AZƏRBAYCAN FUTBOLUNUN FLAQMANI “NEFTÇİ” “BİRLİK KUBOKU”NUN SAHİBİ OLDU
Oyuna kəskin hücumlarla başlayan “Neftçi” artıq 9-cu dəqiqədə hesabı aça bilərdi, lakin komandamızın kapitanı Nadir Nəbiyev topu boş qapıdan keçirə bilmədi. Əvəzində isə, 17-ci dəqiqədə rəqibin künc zərbəsindən sonra Ruslan Abbasov topu öz qapımızdan keçirdi - 0:1. 25-ci dəqiqədə litvalılar ikinci topu vura bilərdilər, amma, qapıçımız Vladimir Miçoviç əla reaksiya nümayiş etdirərək təhlükəni sovuşdurdu. Nəhayət, 32-ci dəqiqədə Vadim Boretsin gözəl ötürməsini cərimə meydançasında qəbul edən Nadir Nəbiyev hesabı bərabərləşdirdi - 1:1. Beş dəqiqəqən sonra isə Vadim Borets təxminən 25 metrdən dəqiq zərbə ilə komandamızı hesabda irəli çıxardı -2:1. Lakin “Neftçi” üstünlüyünü birinci hissənin sonuna qədər qoruyub saxlaya bilmədi və 41-ci dəqiqədə İrmantas Zelmikas baş zərbəsi ilə hesabı bərabərləşdirdi - 2:2.
İkinci hissə başlayan kimi komandamız yenə də hesabda irəli çıxdı- Nadir Nəbiyevin ötürməsini Branimir Subaşiç “Kaunas”ın qapısına yönəltdi - 3:2. 56-cı dəqiqədə isə “Neftçi”nin legioneri Svyatoslav Stefanov cərimə zərbəsi ilə hesab arasındakı fərqi ikiyə çatdırdı - 4:2. Bu qoldan sonra, oyun komandamızın tam üstünlüyü ilə keçmiş, lakin futbolçularımız bir neçə əlverişli imkandan istifadə edə bilməmişlər.
Oyunun baş hakimi, FİFA referisi Yuri Baskakovun final fiti “Neftçi”nin möhtəşəm qələbəsini reallaşdırdı - 4:2. Beləliklə 2006-cı ilin “Birlik kuboku”nun sahibi Azərbaycan oldu.