İDMAN
AZƏRBAYCAN FUTBOLUNUN FLAQMANI “NEFTÇİ” VƏTƏNDƏ TƏNTƏNƏ İLƏ QARŞILANDI
AZƏRTAC-ın müxbirinin turnirin yekunlarına dair suallarını cavablandıran klubun vitse-prezidenti Ramil Musayev demişdir ki, “Neftçi”, öz məharətini, ilk növbədə, qrup oyunları çərçivəsində göstərdi və bunun nəticəsində yarımfinalda Ermənistanın “Pünik” komandası Azərbaycan çempionu ilə ikinci dəfə qarşılaşaraq, məğlub olmaqdan qorxdu. “Neftçi” final görüşünü də inamlı qələbə ilə başa vuraraq, Azərbaycan futbolu tarixində ilk dəfə “Birlik kuboku”nu Bakıya gətirdi. Xalqımız bu sevincli anları yaşamağa layiqdir.
Komandanı musiqi sədaları altında, gül-çiçəklə qarşılayan minlərlə futbol azarkeşi sevinc hisslərini gizlədə bilmirdi. Futbolçuları hava limanından şəhərədək bayraqlarla bəzədilmiş yüzlərlə avtomobil müşayiət edirdi. Şəhərdə isə əsil bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Xatırladaq ki, Azərbaycan futbolunun flaqmanı “Neftçi”, əvvəlcə, qrup oyunlarında Tacikistanın “Vəxş” komandasına 3:0, Latviyanın “Metallurq” klubuna 2:1 hesabı ilə qalib gəlmiş, Qazaxıstanın “Aktobe” komandası ilə heç-heçə (1:1) oynamışdır. Komandamız dörddəbir finalda Özbəkistanın “Paxtaxor” klubunu udmuş və birbaşa finala çıxaraq, son görüşdə Litvanın “Kaunas” komandasını 4:2 hesabı ilə məğlub etmişdir.