AZƏRBAYCAN GƏNCLİYİ GƏLƏCƏK TALEYİNİ YALNIZ XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVƏ ETİBAR EDƏCƏKDİR
AzerTAg.az
İyulun 23-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Gənclər Birliyi prezident seçkilərinə hazırlıqla bağlı yığıncaq keçirmişdir.
Gənclər Birliyinin sədri Rəşad Fərəcov, Dövlət İqtisad Universiteti həmkarlar təşkilatının sədri Rəşad Səfərov, rayon təhsil şöbəsinin müdiri Sara Xanlarova, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov və başqaları yığıncaqda çıxış edərək xatırlatmışlar ki, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Azərbaycan gəncliyinə həmişə böyük diqqət və qayğı göstərmişdir. O, 1969-cu ildə Azərbaycan gəncliyini mənəvi sarsıntılardan xilas etdiyi kimi, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra gənc nəslin fiziki məhvinin qarşısını almışdır. Son illər gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər Prezidentimizin uzaqgörən siyasətinin tərkib hissəsidir. Bu diqqət və qayğını yüksək qiymətləndirən Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin gələcəyini yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevə etibar edəcəkdir.
Dağıdıcı müxalifətin fəaliyyətinə toxunan natiqlər vurğalamışlar ki, gənclər milli mənafelərə zidd qüvvələrə qarşı fəal vətəndaş mövqeyi nümayiş etdirməli, onlara tutarlı cavab verməlidirlər.
Natiqlər həmçinin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevin son illərdəki uğurlarından da söhbət açaraq bildirmişlər ki, beynəlxalq aləmdə onun nüfuzunun artması dağıdıcı müxalifətin liderlərini təşvişə salmışdır. Onlar anlamağa başlayıblar ki, bir daha populist çıxışlarla xalqımızı aldada bilməyəcəklər. Çünki xalq yalnız real iş görməyi bacaran siyasətçiləri qəbul edir. Müxalifət liderləri isə bundan məhrumdurlar.
Yığıncaq iştirakçıları adından respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir:
Əziz Prezidentimiz, partiyamızın sədri,
Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz son 10 ildə Sizin xüsusi diqqətiniz sayəsində olkə həyatının başqa sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmış, mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət gənclər siyasətini həyata keçirən nazirliyin yaradılması, respublika gənclərinin forumlarının keçirilməsi və fevralın 2-nin Respublika gənclər günü elan olunması dövlət orqanlarının, ictimaiyyətin diqqətini gənclərin problemlərinə yönəltmək baxımından da müstəsna əhəmiyyət kəsb etmiş, şəhər və rayonlarda gənclərlə aparılan işlərin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb olmuşdur.
Sizin apardığınız uğurlu siyasət nəticəsində ölkədə yaranmış siyasi sabitlik, qanunsuz silahlı dəstələrin ləğvi, iri cinayətkar qrupların zərərsizləşdirilməsi gənclər arasında cinayətkarlıq hallarının xeyli azalmasına gətirib çıxarmışdır. Sizin rəhbərliyiniz altında ordu quruculuğu və ölkəmizin müdafiə qüdrətinin yüksəlməsi sahəsində böyük uğurlar qazanılmışdır. Bu gün biz azad, demokratik bir cəmiyyətdə yaşayır, müqəddəs torpağımızın keşiyini çəkirik.
Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra gənclərimizin dünya və Avropa çempionatlarında, regional yarışlarda yüzlərlə medal qazanılmış, respublikamız idman ölkəsinə çevrilmişdir. Gəncliyin öz siyasi lideri İlham Əliyevin YAP sədrinin birinci müavini seçilməsi gənclərin partiya sıralarına güclü axınına səbəb olmuşdur. Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə məharətlə başçılıq etməsi və AŞPA-da dövlətimizin maraqlarını layiqincə qoruması gələcəkdə Azərbaycan xalqına liderlik edə biləcək bir siyasətçinin yetişməsindən xəbər verir.
Müraciətdə daha sonra deyilir: Əziz Prezidentimiz, Sizi əmin edirik ki, biz, Səbail rayonunun gəncləri Sizi hələ uzun müddət müstəqil Azərbaycan Respublikasının başçısı görmək istəyirik. Sizə möhkəm cansağlığı, şərəfli işinizdə yeni-yeni uğurlar, xalqımıza əmin-amanlıq arzu edirik. Biz həmişə Sizinləyik, Sizə və xalqa düşmən kəsilmiş qüvvələrə qarşı daim qətiyyətlə mübarizə aparacağıq.
Xəbərin mətnində orfoqrafik səhv var