SİYASƏT


AZƏRBAYCAN GƏNCLİYİ HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMƏKLƏ SİYASİ NAŞILARA BİR DAHA “ YOX! ” DEMİŞDİR

Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirdiyi mətbuat konfransında nazirliyin gördüyü işlərdən, əldə olunmuş uğurlardan, habelə perspektiv planlardan söhbət açmışdır.

O demişdir ki, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qısa bir vaxt ərzində ölkəmizdə idmanın dinamik inkişafına nail olmaqla, müvafiq beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldə bilmişdir. Məhz İlham Əliyevin səyləri nəticəsində son illər Azərbaycanda Avropa və dünya çempionatlarının keçirilməsinə nail olunmuşdur və yaxın aylarda Bakı şəhərində yenə beynəlxalq idman yarışları keçiriləcəkdir.

Natiq Prezident Heydər Əliyevin gənclərə daim diqqət və qayğı göstərdiyini xatırladaraq vurğulamışdır ki, məhz bu münasibətin təzahürüdür ki, Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Gənclər təşkilatlarının bəzilərinin “Yeni Azərbaycan naminə” ictimai hərəkata qoşulması, bir qisminin digər qurumların tərkibində və yaxud da müstəqil surətdə 15 oktyabr prezident seçkilərində xalqımızın ümummilli lideri Heydər Əliyevin namizədliyini dəstəkləmələri barədə bəyanat verməsi gənclərin öz talelərinə biganə olmadıqlarını göstərir. Azərbaycan gəncliyi bu mövqeyi ilə bir daha nümayiş etdirmişdir ki, siyasi taleyini heç vaxt naşı əllərə etibar etməyəcəkdir.

Nazir digər məsələlərə də toxunaraq bildirmişdir ki, beynəlxalq turizm təşkilatları və bir çox dövlətlərin əlaqədar strukturları ölkəmizin mədəni və tarixi abidələrinə, təbiətinə və istirahət yerlərinə maraq göstərirlər. Məhz bunun sayəsində son illər ölkəmizə gələn turistlərin sayı kifayət qədər artmışdır. Turist axınının daha da artmasına nail olmaq üçün isə xidmət sahəsində xeyli işlər görülməli, o cümlədən mehmanxanalar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Ə.Qarayev sonda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.