İDMAN
AZƏRBAYCAN GİMNASTI ŞAKİR ŞIXƏLİYEVİN AVROPA ÇEMPİONATINDA DEBÜTÜ UĞURLU OLMUŞDUR
Lozannada kişilər arasında idman gimnastikası üzrə 28-ci Avropa çempionatı başa çatmışdır.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 40 ölkədən 300 gənc və yeniyetmə idmançının iştirakı ilə keçirilən yarışlarda Azərbaycanı gənc gimnast Səbuhi Aslanov və beynəlxalq yarışda ilk dəfə çıxış edən Şakir Şıxəliyev təmsil etmişlər.
Şakir Şıxəliyev 6 alətdə səlis, ən başlıcası isə bir dəfə də yıxılmadan çıxış edərək, məşqçilərin etimadını doğrultmuşdur. Nəticədə o, çoxnövçülükdə 140 iştirakçı arasında 47-ci yeri tutmuşdur. Hakimlər dayaqla tullanmanı Ş.Şıxəliyevin ən yaxşı çıxışı kimi qeydə almışlar. Bu növdə o, 31-ci nəticəni göstərmişdir.
Yalnız 2 alətdə çıxış edən Səbuhi Aslanov da ən yaxşı nəticəni dayaqla tullanmada göstərərək, 65-ci yeri tutmuşdur.
Avropa çempionatı Azərbaycanın beynəlxalq dərəcəli 2 hakiminin – Rza Əliyevin və Elşən Əliyevin debütü ilə də yadda qalmışdır. Onlar həm təsnifat, həm komanda, həm də şəxsi finallarda hakimlər kollegiyasına daxil edilmişlər. Avropa və beynəlxalq gimnastika federasiyalarının texniki komitələrinin rəhbərləri azərbaycanlı hakimlərin fəaliyyətini müsbət qiymətləndirmişlər.
Yeniyetmələr arasında komanda hesabında Avropa çempionu Böyük Britaniya gimnastları olmuşlar. İkinci yeri Rusiya, üçüncü yeri isə Almaniya komandaları tutmuşlar. Sonuncu komandanın məşqçilərindən biri həmvətənimiz, tanınmış Azərbaycan gimnastı, 1992-ci il Barselona Olimpiadasının çempionu Valeri Belenkidir. Bu il 40 illik yubileyini qeyd edən mütəxəssis demişdir: “İndi deyə bilərəm ki, təkcə gimnast kimi deyil, həm də məşqçi kimi Avropa medalçısıyam”.