İDMAN
AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI İLİN ƏN YAXŞI İDMANÇILARINI MÜƏYYƏNLƏŞDİRMİŞDİR
Sabiq dünya çempionu, Avropa birinciliyinin bürünc mükafatçısı, hərbi qulluqçular arasında yunan-Roma güləşi üzrə dünya çempionu Rövşən Bayramov ilin ən yaxşı idmançısı sayılmışdır. Bundan əlavə, Beynəlxalq Güləş Federasiyası (FİLA) idmançımızı bu il 55 kiloqram çəki dərəcəsində ən yaxşı güləşçi hesab etmişdir.
Olimpiya çempionu Namiq Abdullayevin, digər güləşçilərin və məşqçilərin uğurları da qeyd olunmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları çıxışlarında idmançılarımızın beynəlxalq aləmdə qazandıqları parlaq uğurlar münasibətilə AGF-nin rəhbərliyini təbrik edərək bildirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra güləşçilərimiz üç Olimpiya oyununda iştirak etmiş və Vətənə həmişə medallarla qayıtmışlar. Onlar əmin olduqlarını bildirmişlər ki, bu xoş ənənə 2008-ci ildə Pekində keçiriləcək növbəti Olimpiya oyunlarında da davam etdiriləcəkdir.
Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov bu il görülən işlər barədə danışaraq demişdir ki, Abbas Abbasov başda olmaqla Güləş Federasiyasının kollektivi Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmançılarımız qarşısına qoyduğu vəzifələri dönmədən yerinə yetirir, qarşıdakı dünya çempionatına və Olimpiya oyunlarına məsuliyyətlə hazırlaşır. AGF yaxın Olimpiya silsiləsi üçün təsdiq edilmiş plana uyğun fəaliyyət göstərir. Bu yaxınlarda FİLA-nın rəhbərliyi təftiş məqsədi ilə Bakıda olmuş, turnirə hazırlığın gedişini yüksək qiymətləndirmişdir.
Sonra Federasiyanın birinci vitse-prezidenti Aydın Abbasov idmançıları qarşıdan gələn bayramlar münasibətilə AGF-nin prezidenti Abbas Abbasovun adından təbrik etmişdir.
Tədbirin sonunda AGF fəaliyyətini müntəzəm işıqlandırdıqları üçün bəzi jurnalistləri, habelə Azərbaycan Dövlət Teleqraf Agentliyini - AZƏRTAC-ı mükafatlandırmışdır.