Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN, GÜRCÜSTAN VƏ TÜRKİYƏNİ DAHA SIX BİRLƏŞDİRƏCƏK BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ QAFQAZDA SÜLHÜN, ƏMİN-AMANLIĞIN VƏ TƏHLÜKƏSİZLİYİN TƏMİNATÇISI OLACAQDIR
BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ
AZƏRBAYCAN, TÜRKİYƏ, GÜRCÜSTAN PREZİDENTLƏRİ MƏRASİMDƏ İŞTİRAK ETMİŞLƏR

Sentyabrın 18-də Azərbaycan paytaxtı yaxınlığındakı Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər, Gürcüstanın Prezidenti Eduard Şevardnadze mərasimdə iştirak etmişlər.

Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abraham, eləcə də bir çox xarici ölkələrdən gəlmiş qonaqlar da mərasimdə iştirak edirdilər. Prezidentlər və ABŞ-ın energetika naziri mərasimdən əvvəl avtobusa əyləşərək, Səngəçal terminalının indiki və gələcək ərazisi ilə tanış oldular.

Ali qonaqlara məlumat verildi ki, tikintisinə 1996-cı ildə başlanmış bu terminalın indiki ərazisi 255 hektardır. “Çıraq-1” platformasından sualtı boru kəməri ilə vurulan neft bu terminala qəbul olunur və texniki emaldan keçirilir. Terminalda ümumi tutumu 32 min kubmetr olan 4 çən quraşdırılmışdır. Dəniz yatağından qəbul edilən neft texniki emaldan sonra bu çənlərə - sonra isə nasoslar vasitəsilə ixrac sisteminə vurulur. Hazırda terminalda iki Qərb və Şimal ixrac sistemləri var. İndi əsasən, Qərb ixrac sistemindən istifadə olunur.

Terminalda quraşdırılmış iki qaz-turbin generatoru onu elektrik enerjisi ilə təmin edir.

Prezidentlərə terminalın gələcək perspektivləri barədə də məlumat verildi. Bildirildi ki, terminalın gücünü artırmaq məqsədi ilə burada tikinti işləri aparılır. Hazırda terminal gündə 140 min barrel xam neft qəbul edə bilir. Gələn ildən etibarən bu, 180 min barrelə çatdırılacaqdır. İndi terminalda aparılan tikinti işlərinə min nəfərə yaxın yerli vətəndaş cəlb olunubdur.

Ali qonaqlara mərkəzi idarəetmə məntəqəsi də göstərildi, onun funksiyası və texniki göstəriciləri barədə məlumat verilərək bildirildi ki, terminalda bütün proseslər buradan idarə olunacaqdır.

Belə bir fakt da vurğulandı ki, bütün tikinti işləri qurtardıqdan sonra terminalın ərazisi 800 hektara çatacaq, gündəlik gücü isə 800 min barreldən çox olacaqdır. Beləliklə, o, dünyada ən böyük terminallardan birinə çevriləcəkdir.

X X X

Sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasına həsr edilmiş mərasimin rəsmi hissəsi başlandı.

Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.

Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti NATİQ ƏLİYEV təntənəli mərasimi açaraq dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının hörmətli Prezidenti Heydər Əliyev!

İcazənizlə, bugünkü mərasimi açıq elan edirəm və bildirmək istəyirəm ki, bu tədbirə müxtəlif ölkələrdən çoxsaylı qonaqlar gəlmişdir. Onlar bizimlə tərəfdaş ölkələrin təmsilçiləridir. Ancaq ən böyük qürur hissini ona görə keçiririk ki, bu gün bizimlə bir yerdə sevincimizi bölüşməyə Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər gəlibdir. Gəlin, onu salamlayaq. Azərbaycan Respublikasının, həmişəki kimi, ən əziz qonağı Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadze gəlibdir, onu salamlayaq.

Bizim layihələrə həmişə dəstək verən, siyasi cəhətdən bunu dəstəkləyən Amerika Birləşmiş Ştatları olubdur. Bu gün mərasimə Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Spenser Abraham da buyurubdur. Gəlin, onu da salamlayaq.

İndi isə bu böyük layihənin əsl memarı, hamımızın sevimlisi olan Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyevdən xahiş edək ki, öz sözünü desin.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Türkiyə Cümhuriyyətinin prezidenti zati-aliləri hörmətli Əhməd Necdət Sezər!

Gürcüstanın Prezidenti zati-aliləri hörmətli Eduard Şevardnadze!

Amerika Birləşmiş Ştatlarının energetika naziri hörmətli Spenser Abraham!

Hörmətli xanımlar və cənablar, qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimi qəlbdən salamlayıram və bu böyük əhəmiyyət kəsb edən layihənin həyata keçirilməsi münasibətilə bura toplaşanlara təşəkkür edirəm.

Bizim hamımızı, o cümlədən uzaq ölkələrdən Azərbaycana gəlib bu gün bizimlə birlikdə bu şənliyi bölüşənləri buraya toplayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanması üçün təməl daşının atılması mərasimidir. Bu böyük layihə artıq bütün dünyada məşhurdur və dünya ictimaiyyəti bir çox illərdir ki, bu layihəni müzakirə edir.

Bu layihənin əsası 1994-cü ildə Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin başlanğıcında, 1994-cü il sentyabr ayının 20-də Azərbaycanda, Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının müştərək işlənilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında müqavilə imzalanarkən qoyulmuşdur. Bu müqavilə dünyaya səs saldı və təsadüfi deyildir ki, ona “Əsrin müqaviləsi” adı verildi. Biz bu müqaviləni imzalayarkən, təbiidir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından gələcəkdə ildə 50 milyon tondan artıq neft hasil edilməsini nəzərdə tutmuşduq. Ancaq hasil olan neft dünya bazarlarına çıxarılmalıdır. Bunun üçün müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla - Türkiyə Cümhuriyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq.

Bu qərarın özü də çox mübahisələr doğurdu. Çünki o vaxt həm bizim imzaladığımız müqaviləyə qarşı çıxış edənlər, həm də boru xəttinin məhz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə getməsinin əleyhinə çıxanlar var idi. Bunlar məlumdur. Bizə, yəni birinci növbədə Azərbaycana mane olurdular. Çünki neftin sahibi bizik və nefti də haradan ixrac etmək birinci növbədə, bizim hüququmuz idi. Bizə çox təzyiqlər etdilər. O vaxt Azərbaycanda ictimai-vəziyyət o qədər də sabit deyildi. 1993-cü ildə burada vətəndaş müharibəsi baş vermişdi. Biz onların qarşısını aldıq və müqaviləni imzaladıq. Ancaq müqaviləni imzalayanda hətta bizim daxilimizdə belə yüksək vəzifəli şəxslər var idi ki, onlar müxtəlif xarici xidmət orqanlarına qulluq edirdilər, bu müqavilənin pozulması haqqında öz fikirlərini söyləmişdilər.

Bunu demək sizin üçün maraqlıdır. Çünki 1994-cü il sentyabrın 20-də biz müqaviləni imzaladıq. Ondan bir gün sonra Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından böyük cinayət etmiş 4 nəfəri qaçırdılar. Ondan bir həftə keçdi, Azərbaycan parlamenti sədrinin müavininə terror etdilər, onu öldürdülər. Azərbaycanın əks-kəşfiyyat idarəsinin rəisini, polkovniki öldürdülər. Bu terrorlarla bizi qorxutmaq istədilər. Ancaq biz qorxmadıq.

Onlar isə bu işlərini davam etdirirdilər. O vaxt məcburiyyət qarşısında mənimlə burada baş nazir vəzifəsində çalışan Surət Hüseynov kimi bir şəxs oktyabr ayının 4-də Azərbaycanda silahlı dövlət çevrilişi etməyə başladı. Biz bunun qarşısını aldıq. Birinci növbədə, xalqın bizə dəstəyi ilə, xalqın köməyi ilə. 1995-ci ilin mart ayında yenidən silahlı dövlət çevrilişi etmək istədilər, qarşısını aldıq. Ondan sonra bəzi yerlərdə terror aktları törətmək, körpünü partlatmaq, təxribat etmək istədilər. Zərər çəkdik, amma qarşısını aldıq.

Bilirəm ki, məhz o zaman, Bakı-Tbilisi-Ceyhan layihəsi irəliyə sürüləndə mənim dostum Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə terror etdilər və o, möcüzə sayəsində sağ-salamat qurtardı.

Bütün bunların hamısı və bizə göstərilən başqa siyasi təzyiqlər, müxtəlif təsirlər ona yönəldilmişdi ki, birincisi, bizim neft müqaviləsini – bu işə Xəzər dəniində ilk dəfə başladıq – qəbul etmək istəmirdilər. İkincisi isə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsinin əleyhinə çıxırdılar. Belə bir şəraitdə biz bunu başladıq, öz iradəmizi ortaya qoyduq və əvvəldən tutduğumuz yol ilə getdik.

1999-cu ildə “Çıraq” yatağından ilk neft aldıq. Biz onu əvvəl Bakı-Novorossiysk kəməri ilə, Rusiyanın Qara dənizdəki Novorossiysk limanı vasitəsilə nəql edirdik. Ancaq bununla bərabər, biz Qərb marşrutu ilə Bakı-Supsa neft kəmərini tikirdik və onu tezliklə istifadəyə verdik. İndi o vaxtdan indiyə qədər hasil edilən neft məhz bu kəmərlə - Qərb xətti ilə nəql olunur.

Ancaq bunların hamısı ilkin neftdən ötrü idi. Bizim nəzərdə tutduğumuz böyük neft üçün isə, yenə də deyirəm, Bakı-Tbilisi-Ceyhan lazım idi. Biz ardıcıl surətdə bu layihənin üzərində işləyirdik, çalışırdıq, bütün imkanlarımızdan istifadə edirdik. Türkiyə, Gürcüstan, Azərbaycan burada bərabər idi, birlikdə hərəkət edirdi, bu işlə birlikdə məşğul idi. Ancaq əgər Amerika Birləşmiş Ştatları hökumətinin bizə, Azərbaycana bu barədə köməyi, daimi dəstəyi, məsləhətləri olmasaydı, təbiidir ki, biz buna nail ola bilməzdik.

Təsadüfi deyil ki, 1999-cu ilin noyabr ayında İstanbulda, ATƏT-in zirvə görüşündə biz - Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma imzaladıq. Bundan əlavə, bəyanat imzaladıq və Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton öz dövləti adından bu bəyanata qoşuldu, öz imzasını qoydu. Bu da Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməsinin reallığına gətirib çıxartdı.

Mən bu qısa tarixi sizə deməliyəm. Çünki bilməlisiniz ki, burada 8 il müddətində biz nə işlər görmüşük və hansı çətinliklərdən çıxmışıq, hansı müqavimətlərin, maneələrin qarşısını almışıq.

Nəhayət, son dövrdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşa edilməsi haqqında bir neçə aydır proseslər gedir. Onun maliyyələşdirilməsi məsələsində də problemlər var idi. Ancaq onlar da həll olundu. İndi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, bp bu işlərə başçılıq edir. Onlar artıq bütün planları hazırlayıblar. Ona görə də bizi buraya təməl daşının qoyulmasına dəvət ediblər.

Mən sizə bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil, Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri də bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu, biz öz işimizi gördük.

Bu yaxın vaxtlarda İstanbulda “Üç dənizin əfsanəsi” adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız. Amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz – Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq.

Buraya nə qədər vəsait qoyulacaq, nə işlər görqüləcək- bu barədə sizə məlumatlar veriləcəkdir. Mən bunu demək istəmirəm. Ancaq onu demək istəyirəm ki, bütün bu layiələr Azərbaycanın iqtisadiyyatının inkişafına yönəldilibdir. Bu gün burada “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinin ikinci fazası haqqında da sənəd imzalanacaqdır. Bu o deməkdir ki, artıq buraya çox böyük investisiya gələcək, işlər sürətlə gedəcəkdir. Çünki biz hesab edirik ki, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq.

Dediyim kimi, Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyələşdirilməsində bəzi problemlər var idi. Azərbaycan bu işə öz payını verdi, biz onun maliyələşdirilməsinin 25 faizini öz üzərimizə götürdük. Qalan hssəsi ayrı-ayrı şirkətlər arasında bölünübdür. Ancaq maraqlısı budur ki, bu layihəyə 2,5 faizlə “Eni” şirkəti qoşulubdur. Sonra “Total” şirkəti qoşulubdur. Mənə bu gün dedilər ki, 2,5 faizlə Yaponiyanın “İtoçu” şirkəti qoşulubdur və bir də Yaponiyanın “İmpeks” şirkəti məhz dünən 2,5 faizlə buna qoşulubdur. Bu, nə deməkdir? O deməkdir ki, bu boru xəttindən təkcə Azərbaycan yox hamı istifadə etmək istəyir.

Biz vaxtilə İstanbulda anlaşmanı imzalıayanda ona Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də imzasını qoyub və bildiribdir ki, Qazaxıstan da bu boru xəttindən istifadə edəcəkdir. İndi mən bilirəm ki, xarici şirkətlər Qazaxıstanda çox işləyirlər. Onların bizim Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması və sərmayə qoyması onu göstərir ki, doğrudan da, Xəzərin başqa sektorlarından neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacaqdır.

Ancaq mən sizə deyirəm ki, təxminən 2007-2008-ci illərdə “Azəri-Çıraq-Günəşli” yataqlarından 50 milyon ton neft hasil olunacaqdır. Ancaq Xəzər dənizində bizim başqa yataqlarımız da var. Biz bir çox şirkətlərlə əməkdaşlıq edirik. 30 ölkənin şirkətləri ilə 21 müqavilə imzalamışıq, iş aparırıq. Əlbəttə, onlar da neft hasil edəcəklər. Biz onlarla birlikdə çalışırıq. Ona görə gələcəkdə hətta Bakı-Tbilisi-Ceyhanın tutumu çatmayacaqdır. Ya onu genişləndirmək, ya da ikinci boru lazım olacaqdır.

Mənim dediyim bu sözlər gələcək üçündür və bu işlər bizim xalqlarımızın gələcəyi üçündür. Bizim bu işlərimiz yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra mümkün olubdur. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. 150 il bundan öncə Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanıbdır. Ancaq heç vaxt neft Azərbaycan xalqına məxsus olmayıbdır. Xəzər dənizindəki bütün neft və qaz yataqlarının hamısı Azərbaycan alimləri, geoloqları tərəfindən kəşf edilib, ancaq biz bunun sahibi olmamışıq. İndi isə müstəqil dövlətik. Müstəqil dövlət olaraq öz sərvətlərimizin sahibiyik. İstədiyimiz ölkələr ilə əlaqələr qururuq və belə işlər görürük. Amma ikinci boru da növbədədir. 1 trilyon kubmetr ehtiyatı olan “Şahdəniz” yatağından Bakı-Tbilisi-Ərzurum qaz kəməri də çəkiləcəkdir.

Beləliklə, boru kəmərlərinin sayı artır. Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir.

Biz dost ölkələrik. Türkiyə bizim üçün dost, qardaş ölkədir. Gürcüstan bizim üçün dost, qardaş ölkədir. Eləcə də biz onlar üçün dost, qardaş ölkəyik. Biz çox əlaqələr saxlayırıq. Ancaq bu əlaqələrimizi, necə deyərlər, daha möhkəm tellərlə bağlayırıq. Bu tellərdən biri də Bakı-Tbilisi-Ceyhan kəməri olacaqdır. Mən şübhə etmirəm ki, Amerika Birləşmiş Ştatları bu məsələlərdə bizi bundan sonra da dəstəkləyəcəkdir. Ona görə mən bu mərasimdə Türkiyə Cümhuriyyətinə, onun Prezidenti hörmətli Əhməd Necdət Sezərə təşəkkür edirəm. Gürcüstana, onun Prezidenti hörmətli Eduard Şevardnadzeyə təşəkkür edirəm. Amerika Birləşmiş Ştatlarına, onun Prezidenti cənab Corc Buşa təşəkkür edirəm.

Mən bu yaxınlarda cənab Corc Buşdan antiterror koalisiyasında Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirən çox xoş bir məktub aldım. Biz ötən il sentyabrın 11-də ABŞ-da baş vermiş dəhşətli terror hadisəsindən dərhal sonra antiterror koalisiyasına qoşulmuşuq, bu koalisiyada öz vəzifəmizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Beləliklə, biz bu sahədə də Amerika-Azərbaycan əlaqələrini inkişaf etdiririk, daha da yüksəklərə qaldırırıq.

Dünən hörmətli nazir ilə söhbət edəndə o, Prezident Buşdan mənə səmimi salamlar, çox xoş sözlər çatdırdı. Bütün bunlara görə, ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin reallaşmasına dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına, onun xalqına və Prezident cənab Buşa təşəkkürümü bildirirəm.

Əziz dostlar!

Əziz qonaqlar!

Mən sizi bir daha ürəkdən salamlayıram, hamınıza cansağlığı arzu edirəm. Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!

X X X

TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN NİTQİ

-Hörmətli Cümhur başqanları!

Hörmətli nazirlər, dəyərli qonaqlar!

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etməkdən böyük qürur duyuram. Bu tarixi gündə qardaş Azərbaycanı iki illik fasilədən sonra yenidən ziyarət etməkdən də böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.

Şərq-Qərb enerji dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurm qaz kəməri layihələri və digər layihələr həyata keçirilməkdədir. Şərq-Qərb enerji dəhlizi Xəzəryanı ölkələrin neft və qaz ehtiyatlarının dünya bazarlarına sabit şəkildə, təhlükəsiz çatdırılmasını təmin edəcəkdir. Bu layihələrin həyata keçirilməsinə başlanıldığı vaxtlarda hamımız bunu xəyal kimi qəbul edirdik. Ancaq Türkiyə, Azərbaycan və Gürcüstan müttəfiqlərinin dəstəyi ilə Xəzər dənizinin enerji sərvətlərini Qərbə daşıyacaq Şərq-Qərb enerji dəhlizini təmin etmək üçün hər cür işləri görmüşlər, fəaliyyətlərini inancla, qətiyyətlə göstərmişlər.

Bizim bu qərarımız və qətiyyətimiz artıq bu gün bəhrəsini vermişdir. Dostum hörmətli Heydər Əliyevin “Üç dənizin əfsanəsi” konfransında önəmli çıxışı zamanı bildirdiyi kimi, Bakı-Tbilisi-Ceyhan artıq əfsanəliyindən çıxmış, gerçəkliyə çevrilmişdir. Bəli, indi Şərq-Qərb enerji dəhlizi layihəsi geri dönülməz nöqtəyə çatmışdır. Bundan sonra bölgəmizin inkişafına və xalqlarımızın gücünə söykənən yeni əfsanələr tapmalı, bunları reallığa çevirmək üçün birlikdə çalışmalıyıq.

Qafqazda və Xəzər dənizində yeni işbirliyinə başladığımız bu tarixi gündə dostlarım hörmətli Heydər Əliyev və hörmətli Edurad Şevardnadze başda olmaqla, üç ölkənin hökumətlərinin dəyərli rəhbərlərinə, Amerika Birləşmiş Ştatlarının hökumətinə, Azərbaycanın Dövlət Neft Korporasiyasına, Gürcüstanın Beynəlxalq Neft Şirkətinə, Türkiyənin “Botaş” şirkətinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərini həyata keçirən digər şirkətlərə, xüsusilə bu layihəyə əvvəldən inancla dəstək verən ARDNŞ, “Türkiyə Petrolları Anonim Şirkəti”nə, bp, “Statoyl”, “Yunokal”, “İtoçu” şirkətlərinə, Şərq-Qərb enerji dəhlizinin həyata keçirilməsində əməyi olan bütün insanlara ürəkdən təşəkkürümü bildirirəm. “Eni” və “Total” şirkətlərinin bu layihəyə qoşulmalarının da böyük məmnunluq doğurduğunu vurğulamaq istəyirəm.

Türkiyə lap əvvəldən Xəzər neftinin və təbii qazının Türkiyə üzərindən Qərb bazarlarına daşınmasının iqtisadi, siyasi və strateji cəhətdən bölgə ölkələri və özü üçün ən doğru seçim olduğunu bildirmiş və bu sahədə böyük fəaliyyət göstərmişdir. Bu layihələrin həyata keçirilməsi, bir tərəfdən, Qafqaz və Orta Asiya ölkələri ilə dünya bazarları arasında Türkiyə üzərindən keçən təhlükəsiz enerji körpüsü yaradacaq, digər tərəfdən isə, Türkiyə ilə Qərbin enerji təhlükəsizliyini artıracaqdır.

Bölgəmiz üçün başqa bir önəmli cəhət Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin ən təhlükəsiz yolla Türkiyə üzərindən keçməsidir. Tarixi İpək yolunun yenidən bərpa edilməsi layihəsinin də Xəzər hövzəsində yerləşən ölkələr üçün əhəmiyyəti çox böyükdür. Xəzəryanı ölkələr ilə Qərb arasında ticarət körpüsü və siyasi körpü rolunu oynayan bu layhihələr bölgə ölkələrinin Qərbə qovuşması üçün önəmli əhəmiyyət daşıyacaqdır.

Bu gün təməlini qoyacağımız Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə qoşulması üçün Qazaxıstan hökumətinin fəaliyyətinin uğurla nəticələnəcəyinə inanıram. Qazaxıstan və Türkmənistan Şərq-Qərb enerji dəhlizi layihəsində yer almaqla, Xəzəryanı ölkələrin Qərb iqtisadiyyatına qovuşmasına yardımçı olacaqlar. Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə, daha sonra isə Türkmənistanın və Özbəkistanın Bakı-Tbilisi-Ərzurum layihələrinə qoşulmaları bölgədə işbirliyinin inkişafı baxımından böyük önəm daşımaqdadır.

Hörmətli Cümhur başqanları!

Hörmətli nazirlər!

Dəyərli qonaqlar!

Türkiyə enerji strategiyasını, təhlükəsizliyini diqqətlə həyata keçirməkdədir. Azərbaycanın qazı istər təbii qaz ehtiyatlarımızın artırılması, istərsə də, enerji təhlükəsizliyimizin təminatı baxımından strateji önəm daşıyacaqdır. Bu məqsədlə Bakı-Tbilisi-Ərzurum boru xəttinin tamamlanmasına, Azərbaycan qazının Türkiyəyə çatdırılmasına xüsusi əhəmiyyət veririk.

Bu fürsətdən istifadə edərək, Türkiyənin bütün qonşu ölkələrdən gələcək qaz kəmərləri üçün keçid yolu olduğunu diqqətə çəkmək istəyirəm. Türkiyə qısa müddət içində Cənubi Avropaya qaz verilməsində tranzit ölkə rolunu oynayacaqdır. Bununla əlaqədar 2002-ci il martın 28-də Türkiyənin “Botaş” və Yunanıstanın “Depo quruluşu” şirkətləri arasında bir anlaşma imzalanmışdır. Bu layihə ilə bağlı hüquqi sənədlər 2002-ci ilin üçüncü rübündə tamamlanacaqdır. Avropa Birliyi Komissiyasının da dəstəklədiyi bu layihə ilə Türkiyə yaxın gələcəkdə Avropanın təbii qazla təminatı üçün, Rusiya, Əlcəzair və Norveçdən sonra, mühüm rolunu oynayacaqdır.

Bir sözlə, boru xətti layihələrinin həyata keçirilməsi regional işbirliyinin qurulmasına, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inkişafının güclənməsinə, siyasi sabitliyin və demokratiyanın qorunmasına xidmət edəcək və beləliklə, bölgədə və dünyada sülh işinə də kömək edəcəkdir. Bu layihələrin həyata keçirilməsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında yüksək səviyyəyə qalxan çox mühüm, möhkəm, dayanıqlı əlaqələr zəncirinə yeni güclü həlqələr əlavə ediləcəkdir.

Bu duyğu və düşüncələrlə başda hörmətli Əliyev və hörmətli Şevardnadze olmaqla, Şərq-Qərb enerji dəhlizinin gerçəkliyə çevrilməsində əməyi olan hər kəsi bir daha salamlayır, fəaliyyətləri sahəsində siyasi qətiyyətlərini, yolgöstərici xidmətlərini ortaya qoyan Türkiyə Cümhuriyyətinin məndən öncəki Cümhur başqanları mərhum Turqut Özalı və hörmətli Süleyman Dəmirəli hörmət və ehtiram duyğuları ilə anıram. Bu böyük layihələrin Azərbaycan, Gürcüstan və Türkiyə xalqları arasındakı dostluq və qardaşlığın daha da möhkəmləndirməsini, bölgəmizə sülh və əmin-amanlıq gətirməsini diləyirəm.

X X X

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN NİTQİ

Cənab Prezident Heydər Əliyev!

Cənab Prezident Əhməd Sezər!

Amerikanın cənab energetika naziri!

Xanımlar və cənablar, qonaqlar, övladlarımız!

İndi burada baş verənləri bizim gələcək nəsillərimiz görur və minnətdarlıq hissi ilə xatırlayacaqlar. XX1əsr Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə başlandı. Bu, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin çoxəsrlik tarixində son dərəcə əhəmiyyətli hadisələrdəndir. Müstəqillik əldə etdikdən ötən 10 ildə Gürcüstan üçün bu, ən böyük nailiyyətlərdəndir. Mənə icazə verin, bu təntənənin səbəbkarına, ümumiyyətlə, bu mühüm layihənin əsas yaradıcısına, Azərbaycan xalqının tanınmış liderinə, xalqımın əsl dostuna, qardaşım Heydər Əliyevə bu sevincli gündə gürcü xalqı adından dərin minnətdarlığımı bildirim. Dəfələrlə demişəm, yaddaşlardan silinməsin deyə bir daha təkrar edirəm - Prezident Heydər Əliyevin qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq-Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi.

Bizim bədxahlarımız da məhz bunu istəyirdilər. Ona görə də təxribat aktlarından belə çəkinmirdilər. Ancaq onlar öz məqsədlərinə onda nail ola bilmədilər və gələcəkdə də nail ola bilməyəcəklər.

İcazə verin, Prezident Sezərə atəşin salamlarımı yetirim. Şərq-Qərb enerji dəhlizinin tikintisində Türkiyənin rolu mühümdür. O, bölgənin lider dövləti kimi tarixi vəzifə daşıyır. Onun bu vəzifəsi Azərbaycan və gürcü xalqlarının Avroatlantik məkanına, dünya birliyinə inteqrasiyasında öz təzahürünü tapır.

Yeni böyük İpək yolu ideyası yarandığı gündən bölgədə həmin ideyanın həyata keçirilməsini təmin edəcək əsas qüvvə məhz Türkiyə oldu. Şərq- Qərb enerji dəhlizini mən yeni Böyük İpək yolunun onurğası adlandırardım. Qafqaz və Mərkəzi Asiya dövlətlərinin möhkəmlənməsi, azad seçimə əsaslanan inkişaf yolu ilə getmək imkanı məhz bundan asılıdır. Müasir dünyada bunu Amerika Birləşmiş Ştatları kimi dərindən dərk edənlər azdır. Bu layihəni və bir çox başqa layihələri açıq və gizli maneələrdən keçirən həlledici amil məhz dünyanın lideri olan həmin dövlətin dəstəyidir. Həmin layihələrə qarşı əvvəldən olan şübhələrə baxmayaraq, o, öz beynəlxalq sanbalı və nüfuzu ilə bu layihələrin ügurunu təmin etmişdir.

Zərrə qədər şübhə etmirəm ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi- Ərzurum boru kəmərləri Prezident Buşun dəstəyi sayəsində yaxın vaxtlarda istismara veriləcək, Qara dəniz və Xəzər dənizi hövzəsində həyata keçirilən ən uğurlu layihələr olacaqdır.

 

Avropa Birliyinin rolunu xüsusi qeyd etməyə bilmərəm. Həmin Birlik Böyük İrək yolu layihəsinə həyat və dəstək verənlərdəndir. Əgər 1990-cı illərdə həmin layihəyə qarşı hökm sürən bədbinlikdən söz açırıqsa, onda onu da deməliyik ki, həmin şübhələrin aradan qaldırılmasında Avropa Birliyinin, onun rəhbərlərinin, onun üzvü olan ölkələrin, ələlxüsus da Almaniya, Böyük Britaniya və Fransanın rolu əvəzsizdir.

Əsas ixrac boru kəmərində iştirak edən şirkətləri salamlayıram. Bugünkü tarixi hadisə onların yorulmadan çalışmalarının və fasiləsiz zəhmətlərinin bəhrəsidir. Yüksək peşəkarlıq nümunəsi göstərən, əsas ixrac boru kəmərinin tikintisinin ugurla başa çatmasının və ugurlu istismarının zəminini təşkil edən şirkətlərin rəhbərlərinə, onların bütün əməkdaşlarına öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Şərq-Qərb enerji dəhlizinə Qazaxıstanın qoşulmasına regional əməkdaşlıq prinsipləri baxımından böyük əhəmiyyət verirəm. Bu barədə həm Heydər Əliyev, həm də Əhməd Sezər qeyd etmişlər. Həmin proses artıq praktiki olaraq başlanmışdır. Onun daha da inkişaf etməsinə Gürcüstan da təkan verəcəkdir. Biz hər cür imkan yaradacağıq ki, qardaş Ukrayna, Rumıniya, Bolqarıstan və Avropanın başqa ölkələri həmin dəhlizin sonrakı inkişafının gözəl bəhrəsini görsünlər.

Bu gün mən təkcə vətənimin və ona dost olan ölkələrin böyük qələbəsinin iştirakçısı olduğuma görə deyil, həm də ona görə xoşbəxtəm ki, hələ 12 il bundan öncə Vladivostokdan Vankuvevrədək vahid Avroatlantik məkanı barədə irəli sürdüyüm ideya, Böyük İpək yolunun Avroatlantik məkanına inteqrasiyasına dair tarixi Bakı sammitinin qərarları göz önündə gerçəkləşərək həyata keçir. Bu yolda biz hamımız ilk qələbəyə indiyədək maneəsiz işləyən Bakı- Supsa boru kəməri işə salınanda nail olduq. Cəsarətlə deyə bilərəm ki, Bakı-Supsa layihəsi Qərb istiqamətinin, xüsusən də Gürcüstandan keçən marşrutun etibarlılığını, sərfəliliyini təsdiq edən Bakı-Tbilisi-Ceyhan layihəsinə yol açmışdır.

Xanımlar və cənablar!

Gerçəkləşməsi bu gün başlanan əsrin layihəsi bir irs olaraq bizim nəvə-nəticələrimizə qalacaqdır. Mən fəxr edirəm ki, bizim nəslimiz onlara layiqli miras qoyur. Biz birgə qüvvəmizlə, razılaşdırılmış ahəngdar fəaliyyətimizlə, azacıq da olsa, möcüzə yaratmağa qadir olduğumuzu dünyaya göstərdik. Arzu edirəm ki, bizim birgə əməkdaşlığımız bir çox belə möcüzələr yarada bilsin.

Diqqətinizə görə təşəkkür edirəm. Sizə xoşbəxtlik arzu edirəm! Qardaş Azərbaycana tərəqqi arzu edirəm!

X X X

ABŞ-IN ENERGETİKA NAZİRİ SPENSER ABRAHAMIN ÇIXIŞI

-Möhtərəm prezidentlər!

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin ilk mərhələsinin başlanmasını bayram etmək üçün burada olmaq mənim üçün çox xoşdur. Bu, çox vacib bir tədbirdir. Bu, Bakı-Tbilisi-Ceyhan kəmərinin başlanğıcından xəbər verən bir tədbirdir. Prezident Əliyev, Prezident Sezər və Prezident Şevardnadze ilə bir yerdə olmaq çox xoşdur.

Bu, gözəl kommersiya, ticarət və mühəndis layihəsi, Xəzər dənizindən nefti Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi sahilinə, Ceyhana, oradan da dünyaya daşıyacaq 1760 kilometrlik boru kəməridir.

Prezident Heydər Əliyevin Azərbaycanın əsas ixrac boru kəmərinin işçi qrupunu yaratdığı vaxtdan, yəni 1997-ci il sentyabrın 5-dən bəri bugünkü tədbirin iştirakçıları uzun yol keçmişlər. Ötən müddət ərzində Prezident Heydər Əliyev neft və qaz ixrac dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onun boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi uzaqgörənlik və qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir.

Mən həmçinin layihənin operatoru kimi bp şirkətinin xidmətlərini qiymətləndirmək istəyirəm. O, Bakı-Tbilisi-Ceyhan layihəsinə həyat vermək üçün özəl şirkətlərdən ibarət beynəlxalq qrupun yaradılmasında çox böyük iş görmüşdür. Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarından burada “Yunokal” və “Delta Hess” şirkətləri də iştirak edir.

Mən dünən Prezident Heydər Əliyev ilə görüşəndə demişəm və indi də bildirmək istəyirəm ki, ABŞ Prezidenti cənab Buş da bu layihənin əhəmiyyətindən çox yaxşı xəbərdardır. O, Prezident Əliyevə və bugünkü tədbirin iştirakçılarına bir məktub göndəribdir. Mən indi bu məktubu oxuyuram.

“Mən Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarına və Prezident Əliyevə Prezident Sezərə və Prezident Şevardnadzeyə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin açılışı münasibətilə salamlarımı, təbriklərimi göndərirəm.

Mən çox məmnunam ki, bu mühüm layihə indi həyata keçirilir və Amerika Birləşmiş Ştatlarından iki şirkət burada iştirak edir. Regionda yerləşən ölkələrin hökumətləri və bp-nin rəhbərlik etdiyi investorlar qrupu ilə ictimai, özəl səviyyədə sıx əməkdaşlıq qurulmuşdur və onun irəliləməsinə daha fəal töhfə verilmişdir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Şərq-Qərb enerji dəhlizində mərkəzi komponentdir. Buraya regiona yeni sərmayənin cəlb olunması, dünyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, Xəzər hövzəsi ölkələrinin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, bu ölkələrin iqtisadi əməkdaşlığına və dünya iqtisadiyyatına inteqrasiyasına təkan verilməsi daxildir. Bu boru kəməri region ölkələrinə, habelə dünyanın digər yerlərindəki ölkələrə xeyirlər gətirəcəkdir.

Mən bugünkü mərasmdə iştirak edən dövlət, hökumət və şirkət rəhbərlərinə onların strateji uzaqgörənliyi və qətiyyətinə görə ən xoş sözlərimi çatdırıram. Amerika Birləşmiş Ştatları Xəzərin enerji ehtiyatlarının üzümüzə gələn uzun illər boyunca təhlükəsizliyinin gücləndirilməsinin təmin olunmasında sizinlə davamlı tərəfdaşlıq etmək əzmindədir.

Corc Buş

ABŞ Prezidenti.”

Baxmayaraq ki, bu boru kəməri ilə ilk neftin keçəcəyi vaxta hələ xeyli qalır, ancaq bu layihə regionun gələcəyinə əhəmiyyətli töhfələr vermişdir. Bu layihəni ərsəyə gətirərkən birgə işlədikləri zaman Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin öz aralarında yaratdıqları əməkdaşlıq və etibarlılıq gələcək birgə işlərdə inkişaf üçün, yeni tərəfdaşlar üçün, regionun digər ölkələri üçün bir model ola bilər.

Biz həmçinin özəl sektor sərmayəsinin gücünü də qiymətləndirməliyik. İnanırıq ki, hökumətlərin və özəl şirkətlərdə çalışanların biriyi qarşıdakı illərdə dünyanın hər yerində enerji etiyatlarının uğurlu işlənilməsi üçün mühüm amil olacaqdır. Bu cür tərəfdaşlığa dəstək vermək və onu ruhlandırmaq ABŞ-ın enerji siysətində əsas yer tutur.

Enerji sahəsində tərəfdaşlığı genişləndirmək imkanları da çox yaxşı haldır. Siz birlikdə işləməklə Xəzərin zəngin enerji ehtiyatlarına daha geniş qapılar açırsınız. Bu boru kəməri hər üç ölkənin xalqına, xüsusilə Azərbaycan xalqına mənfəətlər gətirməlidir. Bu kəmər Azərbaycanda enerji ehtiyatlarının istismar sürətini artıracaq və Prezident Heydər Əliyevin yaratdığı Neft Fondu kimi tərifəlayiq qurumlara kömək edəcək ki, neftlə bağlı qoyulan xarici sərmayələrdən gələcək gəlirlər yoxsulluğun azaldılmasına, təhsilə və Azərbaycanın kənd yerlərindəki əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilsin.

Amerika Birləşmiş Ştatları Xəzər regionunun hökumətləri ilə birgə işləməyə davam etmək əzmindəir. Dünyanın enerji bazarlarının daha fəal iştirakçısına çevrilməyiniz prosesində, hasilatdan və nəqldən gələcək gəlirlərin artımı üçün çoxşaxəliliyin sürətləndirilməsi prosesində biz sizinlə birləkdə işləməyə davam edəcəyik. İnanırıq ki, bu kimi birgə lahiyərlər yerli, regional və qlobal sülhə, firavanlıq və əmin-amanlığa doğru daha yaxın bir yoldur.

Biz hamımız bu qələbəni qeyd etmək üçün buraya yığışmışıq. Bilirik ki, bu lahiyədən əldə edilən gəlirlərin hamısı bütün digər lahiyərlərin irəliyə aparılmasına çox yaxşı zəmin yaradır. Bu, qısa müddətdə əldə olunmuş çox böyük irəliləyişdir. Elə bir irəliləyişdir ki, cəmi on il əvvəl bunu ancaq xəyal demək olardı. Bizim ümumi təhlükəsizlik, kommersiya maraqlarımız, sülh və firavanlığa olan maraqlarımız bu kəmərin uzunluğu ilə daha da güclənəcəkdir.

Bu tədbirdə hamımızın olması bizi dövlətlərimiz arasında münasibətlərdə yeni, daha böyük ümidlər verən tarixin iştirakçısına çevirir. Tarixin bu bölməsini yazarkən gəlin, söz verək ki, biz bu gün burada, bu tədbirdə nailiyyətlərini qiymətləndirdiyimiz adamların belə alicənablıqla irəliyə, bu səviyyəyə gətirib çatdırdıqları işi davam etdrəcəyik. Bu layihənin uğurla həyata keçirilməsi uğrunda işimizi birlikdə davam etdirəcəyik ki, ondan hamımız üçün gəlirlər gəlsin.

Cənab Prezident Heydər Əliyev, qonaqpərvərliyiniz üçün Sizə ürəkdən təşəkkür edirəm. Müdrik rəhbərliynizə görə çox sağ olun.

X X X

NATİQ ƏLİYEV: Zati aliləri möhtərəm prezidentlər,

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycanın paytaxtında, Bakı şəhərində keçirilən bugünkü mərasim dünyanın çox ölkələrinin diqqət mərkəzindədir. Bu ölkələr Azərbaycanda həyata keçirilən layihələri daim dəstəkləyiblər və bu gün də bu mərasimə çoxsaylı teleqram və məktublar göndəriblər.

Zati aliləri, icazənizlə, biz onun bir neçəsini burada oxuyaq. Fransa Respublikasının Prezienti Jak Şirakın təbrik məktubunu oxumaq üçün bu ölkənin Azərbaycandakı səfiri xanım Şantal Puareyə söz verilir.

“Hörmətli Azərbaycan, Gürcüstan və Türkiyə Prezidentləri!

Mən bu məktubumda sizlərə, Azərbaycana, Türkyəyə və Gürcüstana uğurlar arzulayıram, bu layihənin uğurlu və xeyirli olmasını diləyirəm.

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə Fransanın şirkətləri də qoşulubdur. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan konsorsiumuna Fransa şirkətlərinin daxil olmasını məmnniyyət hissi ilə qeyd edirəm. Cənubi Afrikada “Davamlı inkişaf üzrə” beynəlxalq sammitdə mən ətraf mühitin qorunmasında hamımızın kollektiv məsuliyyətimizi təkidlə vurğuladım. Azərbaycan, Gürcüstan və Türkiyə, eləcə də bp şirkəti bu işləri ekoloji cəhətdən məsuliyyətlə həyata keçirəcəkləri barədə öz iradələrini aydın şəkildə ifadə etmişlər. Biz sizinlə bu yolu seçmişik və bu sahədə Fransanın təcrübəsinə etibar edə bilərsiniz.

Nəhayət, icazə verin, neftdən və qazdan əldə eilən gəlirlərin ehtiyatla idarə olunması üçün yaradılan Neft Fondunun təsis olunmasını alqışlayım. Bu, Azərbaycan xalqına yalnız xeyir gətirə biləcək uğurlu bir təşəbbüsdür.

Azərbaycan Respublikasının hörmətli Prezidenti Heydər Əliyev, Gürcüstanın Prezidenti hörmətli Eduard Şevardnadze, Türkiyə Respublikasının Prezidenti hörmətli Əhməd Necdət Sezər, qoy bu gün açılışında iştirak etdiyniz layihələr ölkələrinizin inkişafına və hər üç ölkə ilə Fransa arasında dostluq və əməkdaşlığın mökəmlənməsinə xidmət etsin.

Jak Şirak

Fransanın Prezidenti.”

X X X

İngiltərə nümayəndə heyətinin rəhbəri cənab Piter Tibber Böyük Britaniyanın baş naziri Toni Bleyerin təbrik məktubunu oxudu:

“AZƏRBAYCAN RESPUBLİKASININ  PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisinin təməlinin qoyulması və bu layihə ilə əlaqədar olaraq “Azəri-Çıraq-Günəşli” neft yataqlarının tammiqyaslı işlənilməsi münasibətilə Sizi təbrik edirəm.

Mən bp-nin, Böyük Britaniyanın digər şirkətlərinin Azərbaycanın neft sənayesində əhəmiyyətli rol oynamasından çox məmnunam. Bu möhtəşəm layihənin müvəffəqiyyətlə həyata keçirilməsi hər iki ölkəyə böyük fayda verəcəkdir. Bu, Britaniya şirkətinin Azərbaycana ən azı daha 20 il cəlb olunması deməkdir.

Ölkələrimiz arasında siyasi əlaqələr, eləcə də güclü ticarət-iqtisadi əlaqələr getdikcə artır. Avropa Şurasına qəbul olunmaq və eləcə də Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi vasitəsilə nazirlərimiz də bütün səviyyələrdə əlaqələr yaradıblar. Mən eləcə də Azərbaycanın gələcəkdə Ümumdünya Ticarət Təşkilatının üzvü olmasını arzu edirəm.

Bu gün Azərbaycan xalqı üçün tarixi bir gündür. Bu hadisə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığı gücləndirir. Xəzərin yeraltı sərvətlərindən istifadə edilməsinin gerçəkləşdirilməsi artıq uzaq xülya deyildir. Bu, sərvətin müdrikliklə idarə edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırmaq üçün saysız imkanlar yaradır.

Azərbaycan xoş həyəcan dolu bir gələcəyin astanasındadır. Mən və eləcə də Böyük Britaniya sizə bu yoldu müvəffəqiyyət arzulayırıq. Çox sağ olun.

Hörmətlə,

Toni Bleyer

Böyük Britaniyanın baş naziri”.

X X X

Sonra Norveçin Bakıdakı səfiri STEYNAR GİLƏ söz verildi.

-Azərbaycan, Gürcüstan və Türkiyənin hörmətli Prezidentləri!

Möhtərəm baş nazir və nazirlər!

Xanımlar və cənablar!

Bu gün burada Norveçdən təbrik məktubunu oxumaq bizim üçün fövqəladə dərəcədə əhəmiyyətlidir. İcazənizlə, möhtərəm Heydər Əliyevə Norveçin baş naziri cənab Bunnevikin təbrik məktubunu oxuyuram:

“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident Heydər Əliyev!

Mən Bakı-Tbilisi-Ceyhan boru xəttinin təməlinin qoyulduğu bu gündə Sizə ən səmimi arzularımı çatdırmaq istəyirəm. Bu boru xətti “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının istismarı üçün çox önəmli əhəmiyyət kəsb edəcəkdir. Beləliklə, bölgədə neft və qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq, Azərbaycan, Gürcüstan və Türkiyə daha sıx əməkdaşlıq imkanı əldə edəcəklər.

Bundan əlavə, biz fəxr edirik ki, Norveçin “Statoyl” firması da belə bir mühüm işdə iştirak edir, onun bir parçasıdır. Beləliklə, Norveç və Azərbaycan, eləcə də Norveç və bölgə ölkələri arasında əməkdaşlıq qüvvətlənəcək və bu, ölkəmizi bölgəyə daha da yaxınlaşdıracaqdır.

Bu mərasimlə bağlı, boru xəttinin uğurlu olması üçün ən səmimi təbriklərimizi Sizə çatdırıram.

Xyel Maqne Bunnevik

Norveçin baş naziri”.

X X X

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDUN ÇIXIŞI

Zati-aliləri cənab prezidentlər! Cənab energetika naziri!

Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Əvvələn, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki tərəfdaşlarımız – ARDNŞ, “Yunokal”, “Lukoyl”, “Statoyl”, “Ekson-Mobil”, TPAO, “Devon”, “İtoçu” və “Delta Hess” şirkətləri adından, ikincisi, Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətindəki tərəfdaşlarımız – ARDNŞ, “Yunokal”, “Statoyl”, TPAO, ENİ, “İtoçu”, “Delta Hess”, TFE, İNPEKS şirkətlərinin adından bu gün burada çıxış etmək imkanından çox məmnunam.

Bu gün, həqiqətən, tarixi bir gündür. Biz bu gün buraya iki böyük layihənin tikinti mərhələsinin başlanmasını bayram etmək üçün toplaşmışıq. Bunlar “Azəri-Çıraq-Günəşli” yataqlarının (ACG) işlənilməsi üzrə Faza - 2 və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələridir. Əminik ki, onların hər ikisinin Azərbaycana, Gürcüstana və Türkiyə üçün əhəmiyyətli dərəcədə müsbət təsiri olacaqdır.

Beləliklə, biz hamımız bu gün Azərbaycan, Gürcüstan və Türkiyədə enerji iqtisadiyyatının yeni bir dövrünün yaranması ərəfəsindəyik. Bu, qanunauyğun haldır, dünyanın hələ də öz enerji ehtiyatları üçün arxalanmaqda davam etdiyi bir sənayenin yaranmasına 100 ildən də çox bundan qabaq töhfə vermiş bir ölkə olan Azərbaycan bu nəhəng enerji layihələri üçün karbohidrogen ehtiyatlarını təmin edəcəkdir.

1997-ci il noyabrın 7-dən - “Çıraq” yatağından ilkin neftin hasilinə başlanandan bəri bütün maraqlı tərəflərlə əməkdaşlıq şəraitində əldə etdiyimiz mühüm irəliləyişlər barədə əvvəllər də danışmışam.

İlkin neft layihəsi çərçivəsində artıq 165 milyon barreldən çox neft hasil edilmiş və Azərbaycan dövlətinə təxminən 500 milyon dollarlıq mənfəət nefti təhvil verilmişdir.

“Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsi üzrə Faza - 1 layihəsinin tikinti işləri də yaxşı gedir. Bu layihəyə sanksiya verilməsindən bir il ötür, irəliləyiş əladır və layihə cədvələ tam uyğun həyata keçirilir. Faza - 1 üzrə hasilatın 2005-ci ilin əvvəllərində başlayacağı və nəticədə, orta hesabla gündə 375.000 barrel neft çıxarılacağı gözlənilir.

Bu işin icrası bizdə belə böyük inam yaratmışdır ki, Azərbaycan və Gürcüstan uğurlu biznes qurmaq üçün möhkəm özül yaradılmasını təmin edə bilərlər və edirlər. Lakin bugünədək əldə etdiklərimiz nə qədər əhəmiyyətli olsa da, hazırda həyata keçirdiklərimizlə müqayisədə xeyli azdır.

Biz layihələrimizin həcmini və miqyasını genişləndirərək, Türkiyəni də bu isə qoşmaq ərəfəsindəyik. Biz burada uzun müddət fəaliyyət göstərəcəyik və ABƏŞ, BTC və “Şahdəniz”dəki tərəfdaşlarımızla birlikdə Xəzər regionundakı neft və qaz layihələrinə bundan sonra əlavə 18 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, bunun da əksər hissəsi Azərbaycana qoyulacaqdır.

Faza-2 layihəsinin dəniz obyektləri iki əsas hasilat platformasından ibarət olacaqdır. Onlar “Azəri” yatağının qərb və şərq hissələrində yerləşəcək və hər ikisi Faza-1-in hasilat platforması ilə oxşar olacaqdır.

Yeni hasilat platformasından çıxarılacaq neft uzunluğu 190 kilometr olan 30 düyməlik yeni sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına nəql ediləcəkdir. Səngəçal terminalında Faza-2 layihəsinin əsas hissəsi olaraq, böyük genişləndirmə işləri aparılacaqdır. Bunun nəticəsində terminalın gücü sutkada 800.000 barreldən artıq olacaq, onun ümumi sahəsi 540 hektaradək artacaq və terminal dünyanın bu növ ən böyük obyektlərindən birinə çevriləcəkdir.

AÇG-nin işlənilməsinin üçüncü, yekun fazası 2007-ci ildə tamamlanacaq və bu mərhələ yataqlardan ümumi hasilatı gündə 1 milyon barreldən yuxarı səviyyəyə çatdıracaqdır.

Səngəçal terminalında texniki emaldan keçirilmiş neft Ceyhana ixrac olunmaq üçün Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulacaqdır.

BTC layihəsinin mahiyyəti nədir? Statistik məlumatlara görə, bu uzunluğu, 1760 kilometr olan, əsasən 42 düyməlik boru kəmərinə, 8 nasos stansiyasına və 98 siyirtməli stansiyaya malik, 2,95 milyard dollar sərmayə tələb edən layihədir. Xəzər dənizindən Aralıq dənizinədək olan yol boyunca boru kəməri bəzi yerlərdə 2700 metrdən də artıq yüksəklikdən və 1500-dən çox çaydan keçəcəkdir.

Lakin BTC təkcə bu demək deyildir. Bu layihə yeni Şərq-Qərb enerji dəhlizini açacaq və bizi yalnız yerli ixrac çözümü olan orta miqyaslı neft hasilatı əməliyyatlarından beynəlxalq ixrac çözümünə malik nəhəng neft istismarı əməliyyatlarına aparacaqdır. Bu elə bir beynəlxalq ixrac çözümüdür ki, onun beynəlxalq standartlara uyğun fəaliyyət göstərən beynəlxalq tərəfdaşları var. Bununla belə, o, yerli tərəfdaşlardan, yerli məhsullardan və xidmətlərdən istifadə etməklə və əhəmiyyətli sayda yerli işçi qüvvəsi cəlb etməklə yerli ehtiyaclara çox həssas yanaşır.

Gəlin, həm də unutmayaq ki, BTC böyük həcmdə xam neftin çox tünlük olan Türkiyə boğazlarından yan keçməklə birbaşa dünya bazarlarına nəqlinə imkan yaradacaq və ətraf mühitin qorunması ilə bağlı Türkiyənin bütün narahatlıqlarını aradan qaldıracaqdır.

Beləliklə, biz bu gün hansı mərhələdəyik? Bu gün biz artıq gələcək uğurlarımız üçün möhkəm təməl qoymuşuq. Bununla yanaşı, biz yalnız bütün maraqlı tərəflərin fəal dəstəyi, iştirakı və əməkdaşlığı ilə irəli gedə bilərik.

Mən burada bizi bu tarixi günə gətirib çıxaran rəhbərliyinə görə Prezident Heydər Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Sizin Prezident Şevardnadze və Prezident Sezərlə birlikdə regionda yaratmış olduğunuz sülh və sabitlik, imzaladığınız müqavilələrin bütövlüyü bu çoxmilyardlı dollarlıq sərmayələr tələb edən layihələri irəli apara bilməyimiz üçün həlledici əhəmiyyətə malikdir. bp və tərəfdaşları layihələrimizə gətirmiş olduğunuz gələcəyə tuşlanmış baxışları və uzaqgörənliyi, Sizin nazirlərinizin və şəxslərinizin dəstəyini olduqca yüksək qiymətləndirirlər. Əminəm ki, biz bu layihələri irəli apardıqca və bugünkü tarixi günlə son məqsədə çatacağımız dövr arasında üzləşəcəyimiz labüd çətinliklərin aradan qaldırılmasında Sizin daimi dəstəyinizə arxalana bilərik.

 

Mən həmçinin digər maraqlı tərəflərin – Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının, ABŞ və Avropa hökumətlərinin, maliyyə qurumlarının, dövləti təmsil edən tərəfdaşlarımızın – ARDNŞ və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının, çoxsaylı podratçılarımızın və əlbəttə, layihədəki tərəfdaşlarımızın əhəmiyyətli töhfələrini yüksək qiymətləndirmək istərdim. Onların dünyanın bir çox ölkələrindən – Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya, Rusiya, Səudiyyə Ərəbistanı və İtaliyadan olmaları layihələrin əsl beynəlmiləl təbiətini və bunun nəticəsi kimi, bu layihələrə göstərilən çox geniş dəstəyi əks etdirir.

Biz bu dəstəyə nail olmaq üçün çox ciddi çalışmışıq, bütün aidiyyatı tərəflərlə geniş məsləhətləşmələr aparmışıq. Biz BTC marşrutunun seçilməsinə böyük qayğı ilə yanaşmışıq, məsələn, elə bir əminlik yaratmağa çalışmışıq ki, bircə nəfər də olsa, öz evinin köçürülməməsi barədə xahiş etməsin. Biz mənfi təsirin azaldılması üzrə geniş məsləhətləşmələr aparmışıq ki, nəticədə bu ərazidə tikinti işlərimiz başa çatdıqdan sonra ətraf mühiti işə başladığımız vaxt necə idisə, o cür, yaxud daha yaxşı vəziyyətdə təhvil verə bilək.

Hər bir işi bp-nin siyasətinə və tranzit ölkə hökuməti ilə sazişlərdəki öhdəliklərə uyğun olaraq, ən yüksək beynəlxalq standartlarla görməyə söz veririk. Bu öhdəliklərlə bərabər, hər bir hökumətin özünün həyata keçirəcəyi hüquq və tələblər də var və biz hökumətlərarası sazişlərin və tranzit ölkə hökuməti ilə sazişlərin yaratmış olduğu hüquqi əsaslar çərçivəsində bundan sonra da əməkdaşlıq etmək ümidindəyik ki, bu layihələrin təhlükəsiz, sərfəli və səmərəli yerinə yetirilməsi təmin olunsun.

İnanırıq ki, əldə olunacaq böyük gəlirlərdən yaxşı istifadə təmin edilərsə, bu, regionun əhalisinə əsaslı fayda verə bilər. Neft gəlirlərinin daxil olmasında və onlardan istifadə edilməsində şəffaflığı təmin etmək üçün Azərbaycanda Neft Fondunun yaradılmasından xüsusilə ruhlanmışıq.

Cənab prezidentlər, cənab energetika naziri, hörmətli qonaqlar, xanımlar və cənablar! Zənnimcə, biz bu gün bir arzunu bölüşürük - Gürcüstan və Türkiyə ilə əməkdaşlıqda Azərbaycanda dünya səviyyəli neft və qaz layihələri gerçəkləşəcək və bu ölkələrə, onların vətəndaşlarına, sanballı fayda və mənfəət gətirəcəkdir. Elə buna görə də bu gün Faza-2 və BTC layihələrinə sanksiya verilməsinə həsr edilmiş bu mərasimdə olmaqdan məmnunluq duyuram. bp və onun tərəfdaşları bu arzunun reallığa çevrilməsi üçün sizinlə birlikdə işləmək əzmindədirlər.

Sağ olun.

X X X

ARDNŞ-İN PREZİDENTİ NATİQ ƏLİYEVİN ÇIXIŞI

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab Heydər Əliyev!

Türkiyə Cümhuriyyətinin Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezər!

Gürcüstanın Prezidenti zati-aliləri cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İki gündən sonra müstəqil Azərbaycanın Yeni Neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasının 9 ili tamam olacaqdır. Dünya miqyaslı dahi siyasətçi cənab Heydər Əliyevin uzaqgörənliyi, dövlətin və ölkə iqtisadiyyatının inkişafının əsas qanunları və yolları haqqında ensiklopedik biliyə malik olması, böyük və misilsiz rəhbərlik təcrübəsi, xalqına sədaqəti və Vətənə sonsuz məhəbbəti ona miqyasına görə dünyada analoqu olmayan çox nəhəng layihəni yaratmaq, eyni zamanda, onun həqiqi rəhbəri və bilavasitə əsas icraçısı olmaq imkanı verdi. Bu gün tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin neft konsepsiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də Xəzər regionundakı zəngin karbohidrogen potensialını hərəkətə gətirərək, yeni inkişaf mərhələsinə yol açdı və bütövlükdə, regionun dünyanın ən böyük enerji mərkəzlərindən birinə çevrilməsində həlledici qüvvə rolunu oynadı.

Mən öz adımdan, çoxsaylı tərəfdaşlarım və xarici qonaqlar adından bu gün Bakı şəhərində baş verən tarixi əhəmiyyətli hadisələr münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi və onun yaxın həmkarları Türkiyə və Gürcüstan prezidentlərini təbrik edirəm.

Yeni Neft strategiyasının həyata keçirilməsinin indiki mərhələsinin əhəmiyyətini mərasim iştirakçılarına inandırmağa ehtiyac yoxdur, bununla belə mən bu haqda bəzi rəqəm və faktları sizin nəzərinizə çatdırmaq istərdim.

“Əsrin müqaviləsi”nin imzalanmasından bu günə qədər xarici şirkətlərlə 21 neft müqaviləsi imzalanmışdır və bu layihələrin inkişafına, ümumilikdə, 6 milyard dollara qədər sərmayə qoyulmuşdur, bunun da təxminən 4 milyardı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının payına düşür. 1996-cı ilin fevral ayında “Çıraq” yatağından ilkin neftin hasilatı haqqında qərar qəbul olundu və uğurla həyata keçirildi. İlkin neft obyektlərinə “Çıraq” yatağında 105 metr dərinlikdə qurulmuş bir dəniz qazma və hasilat platforması, Səngəçaladək 24 düyməlik bir sualtı neft kəməri, Neft Daşlarınadək 16 düyməlik bir sualtı qaz kəməri, Səngəçalda neft terminalı, Şimal və Qərb istiqamətində iki ixrac boru kəməri və Supsada bir ixrac terminalı daxil oldu. Hazırda “Çıraq-1” özülündə 16 quyu qazılmışdır və onların 12-dən, nəzərdə tutulduğundan xeyli artıq, gündə orta hesabla 140 min barrel (19 min ton) neft hasil edilir. Bu günədək 22,6 milyon tondan artıq neft çıxarılıb ki, bunun da 3,8 milyon tonu Bakı-Novorossiysk, 18,6 milyon tonu isə Bakı-Supsa boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılmışdır.

Lakin neftin hasilatını və ixracını artırmaq üçün Azərbaycanın və xüsusilə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının imkanları bugünkündən qat-qat çoxdur. Axır zamanlarda aparılan kəşfiyyat işləri göstərmişdir ki, yalnız bu yataqlardan sübut olunmuş və çıxarıla bilən neft ehtiyatları 4,2 milyard barreldən 5,4 milyard barrelə və ya 511 milyon tondan 730 milyon tona qədər artmışdır. Bu imkanlardan səmərəli istifadə etmək məqsədi ilə yataqların tammiqyaslı işlənilməsi proqramı hazırlandı və 2001-ci il avqustun 30-da onun ilk mərhələsi Faza-1 layihəsinin başlanması qərara alındı.

Bu layihə “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsinə yönəldilmişdir. Layihədə 128 metr dərinlikdə 48 quyuağzına malik olan, sutkada 400 min barrel (ildə təxminən 20 milyon ton) neft hasil etmək gücündə hasilat, qazma və yaşayış platformasının tikilməsi nəzərdə tutulur. Bu platformadan neft uzunluğu 187 kilometr olan yeni sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına, səmt qazı isə 28 düyməlük kəmər vasitəsilə sahilə çatdırılacaqdır. Bu həcmdə nefti və qazı qəbul etmək üçün Səngəçal terminalının genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsində Faza-1 layihəsi çərçivəsində terminal gündə 360 min barrelə (48,6 min tona) yaxın nefti qəbul və emal etmək qabiliyyətinə malik olacaqdır. Neft tutumlarının ümumi saxlanılma gücü 1,6 milyon barrelə və ya 220 min tona çatacaqdır. Bundan başqa, neft laylarının səmərəli işlənilməsini təmin etmək məqsədi ilə hasilat platformasının körpü ilə birləşdirilməsi, bir yeni qaz kompressorunun və suvurma platformasının inşası nəzərdə tutulmuşdur. Faza-1 layihəsinin həyata keçirilməsi nəticəsində 2005-ci ilin birinci rübündə ilkin neftin hasil olunması gözlənilir və ümumilikdə, “Çıraq-1” və “Mərkəzi Azəri” platformasından neft hasilatı gündə 250 min barrelə, 2008-ci ildə isə yalnız bu iki platformadan 500 min barrelə (ildə 25 milyon ton) çatacaqdır.

Möhtərəm cənab Prezident! Sizə məruzə etmək istəyirəm ki, Faza-1 layihəsi cari ildə çox dinamik inkişaf edir, artıq əsas tikinti- quraşdırma işlərinə Azərbaycanda, Dubayda, Fransada, İtaliyada və İsveçdə başlanmışdır və bu işlərin vaxtında yerinə yetirilməsi üçün ABŞ-ın “MakDermott”, Fransanın “Buyiq”, “Eyfel” və “Enterpoz”, İtaliyanın “Saypem”, İsveçin “Emtunqa”, Türkiyənin “Tekfen” şirkətləri böyük səylər göstərir. Hazırda bu şirkətlərdə Faza-1 layihəsi çərçivəsində 2300-dən artıq Azərbaycan mütəxəssisi və vətəndaşı işə götürülüb və uğurla çalışır.

Faza-1 üzrə qazma proqramı “Dədə Qorqud” qazma qurğusu vasitəsilə “Azəri” yatağında platformanın tikilməsini gözləmədən, 2002-ci ilin mart ayında başlamışdır. Hal-hazırda bir quyu tam qazılıb qurtarıb, ikinci quyu qazılmaqdadır və ümumilikdə, dəniz dibində quraşdırılmış qazma dayaq tavasından istifadə edilməklə doqquz quyu qazılacaqdır. Qalan 39 quyu isə platforma istismara verildikdən sonra, 2005-2011-ci illər arasında platformadan qazılacaqdır.

Faza-2 layihəsi “Azəri” yatağının şərq və qərb hissələrinin işlənilməsinə yönəldilmişdir və bu, Faza-1 ilə birlikdə “Azəri” yatağının işlənilməsini tam başa çatdıracaqdır. Faza-2 dəniz obyektləri suyun dərinliyi müvafiq olaraq 120 və 150 metr olan sahələrdə yerləşməklə, “Azəri” yatağının qərb və şərq hissəsində iki ədəd 48 quyuağzına malik platformanı əhatə edəcəkdir. Platformaların texnoloji emal gücü “Azəri” yatağının qərb hissəsində gündə 340 min barrel (ildə 17 milyon ton), şərq hissəsində isə 260 min barrel (ildə 13 milyon ton) olacaqdır. Bunun nəticəsində “Azəri” yatağında neft hasilatı artırılacaq və gündə azı 800 min barrelə (ildə 40 milyon ton) çatdırılacaqdır.

Bu zaman neft Səngəçala iki ədəd 30 düyməlik boru kəməri, səmt qazı isə 28 düyməlik boru kəməri vasitəsilə nəql ediləcəkdir. Səngəçal terminalı alınacaq əlavə hasilatın texnoloji işlənilməsini təmin etmək üçün genişləndiriləcək və 2007-ci ilə qədər texnoloji emal obyektlərinin gücü gündə 1,2 milyon barrelə (ildə 60 milyon tona) çatdırılacaqdır. Bu da Səngəçal terminalını dünyanın ən böyük terminallarından birinə çevirəcəkdir.

Faza-1-in qaz kompressor və suvurma platforması gücləndiriləcək və onun üzərində yerləşdirilmiş dörd qaz və suvurma qurğusuna Faza-2-nin iş həcmi ilə əlaqədar daha iki qazvurma və üç suvurma qurğusu da əlavə ediləcəkdir.

Faza-2 çərçivəsində ilkin qazma işləri 2003-cü ilin 4-cü rübündə “Azəri” yatağının mərkəzi hissəsində ilkin qazma işləri başa çatdırılan kimi, onun qərb hissəsində “Dədə Qorqud” qazma qurğusu işə başlayacaq və platforma quraşdırılmazdan əvvəl doqquz hasilat quyusu qazılacaqdır. Bundan sonra Şərq hissəsində 2006-cı ilin 2-ci rübünədək daha 4 hasilat quyusu təhvil veriləcəkdir. Bundan əlavə, platformalardan, ümumilikdə, 70 hasilat və 16 suvurma quyusunun qazılması nəzərdə tutulur.

Beləliklə, Faza-2 layihəsinin iş cədvəlinə və proqramına uyğun “Azəri” yatağının qərb və şərq hissələrindən ilk hasilat 2006-cı və 2007-ci illərdə başlanacaq və həmin ildə yalnız “Azəri” yatağından ümumi gündəlik hasilat 615 min barrelə (ildə 30 milyon ton) çatacaqdır.

Bu baxımdan, bu gün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin ilk borusunun qoyulması, üç ölkənin Prezidentlərinin bu təntənəli mərasimdə iştirak etməsi və bu işə xeyir-dua verməsi xüsusi əhəmiyyət kəsb edir, hamımızda bayram əhval-ruhiyyəsi yaradır. Bakı-Tbilisi-Ceyhan Ko şirkəti artıq yaradılmış və fəaliyyətə başlamışdır.

Hazırda boru kəməri sisteminin tikintisini və istismarını təmin etmək məqsədi ilə layihəni maliyyələşdirmək üçün Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, ixrac kredit agentlikləri, sığorta və kommersiya bankları daxil olmaqla geniş beynəlxalq kreditorlar qrupundan vəsait almaqdan ötrü danışıqlar aparılır. Boru kəmərinin Türkiyədən keçən hissəsi Türkiyə hökuməti ilə BTC Ko səhmdarları arasında bağlanmış Birdəfəyə Ödənilən Məbləğ Əsasında Açarlı Təhvil Sazişinə uyğun olaraq tikiləcəkdir. BTC Ko Türkiyə ərazisi daxilindəki 1070 kilometrlik hissənin tikintisinə məsul olan “Botaş” şirkətinə işə başlamaq barədə bildiriş təqdim etmişdir və müqavilə sentyabrın 10-dan qüvvəyə minmişdir.

Azərbaycanda və Gürcüstanda tikinti işlərini aparmaq üçün hazırlıq tədbirləri görülür, BTC dəhlizinin torpaq sahibləri müəyyənləşdirilib, lazımi sənədlər təsdiq olunub, müvafiq icazələr və lisenziyalar alınıbdır.

Biz qəti fikirdəyik və əminik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə bu iki nəhəng layihə qısa bir zamanda uğurla həyata gerçəkləşəcək və bununla dövlət müstəqilliyimizin möhkəmlənməsinə, doğma Vətənimizin çiçəklənməsinə, xalqımızın rifah halının yüksək səviyyəyə çatdırılmasına misilsiz xidmətlər göstərəcəklər.

Çıxışımın sonunda mən fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi adından bu layihələrdə iştirak edən çoxsaylı tərəfdaşlarımıza, Bakıya gələn bütün qonaqlarımıza öz dərin təşəkkürümü və minnətdarlığımı bildirmək, iki gündən sonra qarşılayacağımız və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyev tərəfindən bizə bəxş edilən “Neftçilər günü” peşə bayramı münasibətilə Azərbaycan neftçilərini təbrik eimək istəyirəm.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimə toplaşanlara müraciətlə dedi:

-Hörmətli xanımlar və cənablar!

Burada edilən bütün nitqlərdə bildirildi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixarc neft kəmərinin gücünün təmin edilməsi üçün biz “Azəri”,“Çıraq”, “Günəşli” yataqlarında işləri genişləndirməliyik. Biz Faza-1-in sanksiyasını bir il öncə vermişik, indi isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Faza-2-nin başlanması haqqında qərar qəbul etməliyik. Hesab edirəm ki, bu qərarı biz qəbul edirik və hörmətli Prezident Sezər də, hörmətli Prezident Şevardnadze də və hörmətli nazir də buna etiraz etmirlər. İzn verin, cənab Vudvord və Natiq Əliyev sənədləri imzalasınlar.

X X X

ABƏŞ-in prezidenti Devid Vudvord və ARDNŞ-ın prezidenti Natiq Əliyev “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin Faza-2 mərhələsinə sanksiya verilməsinə dair sənədləri imzaladılar.

X X X

HEYDƏR ƏLİYEV: Hörmətli xanımlar və cənablar!

Dostlar!

Bizim bugünkü təntənəli mərasimimiz başa çatır. Mən bir daha hamınıza təşəkkür edirəm ki, Azərbaycan, Türkiyə, Gürcüstan üçün və Qərb ölkələrindəki, digər ölkələrdəki həmkarlarımız üçün vacib olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlanmasının təməlinin qoyulmasında iştirak edirsiniz. Çox sağ olun.

Biz belə qərara almışıq ki, bunun təməlini qoyanda, ilk borunu xəndəyə endirəndə, eyni zamanda, gələcək nəsillərə müraciətimizi də oraya qoyaq. Ona görə təklif var ki, o müraciət üç ölkənin prezidentləri adından burada imzalansın.

Mərasimdə prezidentlərin müraciətlərinin mətni oxundu:

“GƏLƏCƏK NƏSİLLƏRƏ

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri, 18 sentyabr 2002-ci il.

Bu gün biz, üç suveren dövlətin rəhbərləri – Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev, Gürcüstan Prezidenti Eduard Amvrosiyeviç Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Hecdət Sezər Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməl daşını qoyaraq, sizə, xalqlarımızın gələcək nəsillərinə müraciət edirik.

Ölkələrimizin milli mənafelərindən çıxış edərək, böyük qürur duyğusu ilə bütün dünyaya bəyan edirik ki, XXI əsrin ilk illərində regionda ən nəhəng layihə olan, Xəzər və Aralıq dənizlərini birləşdirən neft boru kəmərinin çəkilməsi dövlətlərimizin, hökumətlərimizin birgə uğurlu səyləri nəticəsində artıq reallığa çevrilir.

Layihənin həyata keçirilməsi və istismar zamanı hazırda bəşəriyyətin bu sahədə əldə etdiyi müasir elmi-texnoloji nailiyyətlərin tətbiq ediləcəyi mütərəqqi mühəndislik üsullarından istifadə olunması nəticəsində Şərq-Qərb enerji dəhlizi keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır. Bu proseslərdə Azərbaycan, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Norveç, Türkiyə , Yaponiya, İtaliya, Fransa və Səudiyyə Ərəbistanının neft şirkətləri xüsusi rola malikdirlər.

Buna görə, bu tarixi əhəmiyyətli hadisənin ən aparıcı amili ondan ibarətdir ki, müxtəlif dilə, dinə, adət-ənənələrə mənsub olan insanlar dostluq, qardaşlıq və həmrəylik şəraitində qlobal səviyyədə sivil əməkdaşlıq edirlər. Əminik ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin gerçəkləşməsi ülvi amallara xidmət edərək, regionun simasını dəyişdirəcək, siyasi iqlim sabitləşəcək, iqtisadi inkişafa ciddi təkan verəcək, xalqlarımızın rifahı yüksələcəkdir.

Sizə sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

Gürcüstanın Prezidenti

Eduard Şevardnadze

Türkiyə Cümhuriyyətinin Prezidenti

Əhməd Necdət Sezər”.

X X X

HEYDƏR ƏLİYEV: Müraciət imzalandı. İndi cənab Vudvord bir dəqiqəlik söz istəyir. Buyurun.

DEVİD VUDVORD: Cənab Prezident, dediyimiz kimi, bugünkü layihələrin həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə Cümhuriyyəti üçün çox böyük tarixi əhəmiyyəti var. Bu layihənin reallaşdırılması ilə

Azərbaycanın Xəzər nefti dünyanın bütün yerlərinə çatdırılcaqdır. Bu hadisəni qeyd etmək üçün indi mən bizim tərəfdaşlarımız adından Sizə bir hədiyyə təqdim etmək istəyirəm.

Cənab D.Vudvord Azərbaycan Prezidenti Heydər Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

X X X

Mərasimin sonunda Azərbaycan Prezidenti yekun sözü

söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN SÖZÜ

-Hörmətli xanımlar və cənablar!

Dostlar!

Biz bugün tarixi bir gün yaşayırıq. Tarixi bir hadisənin şahidiyik. Bu tarixi biz yazırıq. Bugünkü nəsillər, Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norveç, Fransa, İtaliya və digər dövlətlər, hamımız bir yerdə böyük bir tarix yazırıq. Bunların hamısı gələcək nəsillər üçündür. Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək, daha da firavan yaşayaraq, ölkələrimizdə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrələrini görəcəklər.

Bu gün burada Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Buşun təbrik məktubunu dinlədik. Mən Prezident Buşa bizim bugünkü mərasimimizə göstərdiyi diqqətə görə çox təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Prezident Buş daim bizimlə, Bakı-Tbilisi-Ceyhanla olacaqdır.

Fransa Prezidenti hörmətli Jak Şirak bizə təbrik məktubu göndərmişdir. Biz onu burada çox diqqətlə dinlədik. Çox mehriban, dostluq ruhunda yazılmış, yəni məzmunca bizə inamla dolu bir təbrik məktubudur. Mən Prezident cənab Jak Şiraka təşəkkürümü bildirirəm və onu əmin etmək istəyirəm ki, biz bu işdə dayanmayacağıq, irəliyə gedəcəyik və Fransanın dəstəyini daim hiss edəcəyik.

Biz Böyük Britaniyanın baş naziri Toni Bleyerin təbrik məktubunu dinlədik. Mən təşəkkür edirəm. Burada, təbiidir ki, bir çox şirkətlər iş görür. Ancaq bu şirkətlərin içərisində bp, bildiyiniz kimi, özünəməxsus yer tutubdur və Azərbaycan Əməliyyat Şirkətinə, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan layihəsi ilə əlaqədar yaradılmış şirkətə rəhbərlik edir. Ona görə də burada Böyük Britaniyanın mühüm iqtisadi maraqları var. Əmin ola bilərsiniz ki, o maraqlar yerinə yetiriləcəkdir.

Mən Böyük Britaniyanın baş naziri cənab Toni Bleyerə təşəkkür edirəm. Onu əmin edirəm ki, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı bundan sonra da davam edəcəkdir.

Biz Norveç Krallığının baş naziri cənab Xyel Maqne Bunnevikin təbrik məktubunu dinlədik. Biz Azərbaycanın neft strategiyasını həyata keçirməyə başlayandan, 1994-cü ildən bəri Norveç və onun “Statoyl” şirkəti bizimlə bərabərdir və çox səmərəli əməkdaşlıq edir. Ona görə bizə göndərdiyi təbrik üçün hörmətli baş nazirə təşəkkür edirəm və ümidvaram ki, bizim bu əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.

Nəhayət, sizin hamınıza-Bakı-Tbilisi-Ceyhan boru xəttində çalışacaq insanlara, azərbaycanlılara, xarici ölkələrin Azərbaycanda işləyən vətəndaşlarına cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzu edirəm. Sağ olun.

İndi isə təməl daşının qoyulmasında iştirak edəcəyik.

X X X

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri, ABŞ-ın energetika naziri, mərasimin digər iştirakçıları Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulacağı yerə gəldilər. Burada ilk boru təntənəli şəkildə xəndəyə endirildi. Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Türkiyə Prezidenti Əhməd Necdət Sezər borunun üstünə ilk torpağı atdılar.

İcərisində “Gələcək nəsillərə” müraciətinin mətni olan dəmir kapsul Bakı-Tbilisi-Ceyhan boru kəmərinin başlanğıcında qazılmış quyuya basdırıldı.

Sonra dövlət başçıları boru kəmərinin təməlinin qoyulması münasibətilə ucaldılmış xatirə lövhəsinə baxdılar. Xatirə lövhəsində Azərbaycan, türk və gürcü dillərində bu sözlər yazılmışdır:

“18 sentyabr 2002-ci il tarixdə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasının təməl daşı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər tərəfindən qoyulmuşdur”.

Azərbaycan, Gürcüstan və Türkiyə Cümhuriyyətinin Prezidentləri xatirə lövhəsinin qarşısında şəkil çəkdirdilər.

X X X

Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin və baş nazirin müavinləri, nazirlər, konsern və şirkətlərin rəhbərləri, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Yaşar Xəlilovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir