İDMAN


AZƏRBAYCAN HAKİMLƏRİ BƏDİİ GİMNASTİKA ÜZRƏ BEYNƏLXALQ KURSLARDA İŞTİRAK EDİRLƏR

Dekabrın 1-5-də Moskvada bədii gimnastika üzrə hakimlər üçün beynəlxalq kurslar keçirilir. Beynəlxalq Gimnastika Federasiyasının (FİG) təşkil etdiyi kurslara Azərbaycandan iki hakim - Valentina Ukleina və Larisa Sidorova da dəvət olunmuşlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlar yeni qaydalara dair nəzəri biliklərə yiyələnəcək və axırda növbəti, II breve hakimlik dərəcəsi almaq üçün imtahan verəcəklər. Ukleina və Sidorova artıq III breve dərəcəli hakimdirlər.

Kurslar başlanmazdan əvvəl FİG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti xanım Eqle Abruzzini demişdir ki, 2005-ci ildən etibarən gimnastların çıxışlarının qiymətləndirilməsi qaydalarında dəyişikliklər ediləcəkdir. Bundan sonra çıxışlara 10 ballıq deyil, 20 ballıq cədvəl üzrə qiymət veriləcəkdir.

Yekun nəticənin çıxarılmasında da dəyişiklik ediləcəkdir. Əgər əvvələr hər üç qiymət toplanıb, orta qiymət çıxarılırdısa, bundan sonra artistlik və çətinlik dərəcələrinə görə verilən ballar toplanaraq ikiyə bölünəcək və alınan nəticəyə texniki göstərici üzrə ballar əlavə olunacaqdır.

Beləliklə, yekun qiymət, indiyədək olduğu kimi, ən çoxu 30 bal deyil, 40 bal təşkil edəcəkdir. Belə dəyişikliklər idmançılar arasında rəqabəti gücləndirəcək və bədii gimnastikanı daha maraqlı və baxımlı idman növünə çevirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.