SİYASƏT


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ

Əziz həmvətənlər! 

Bu gün müstəqil Azərbaycan Respublikası dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Xarici dövlətlər və dünya ictimaiyyəti respublikamızda həyata keçirilən siyasi, iqtisadi islahatları diqqətlə izləyir və böyük əksəriyyət bu yolda bizə yardımçı olmağa çalışır. İndi dünyanın ən mötəbər məclislərində Azərbaycan yüksək səviyyədə təmsil olunur. Özünün haqq səsini bəyan edir.

Bütün bunlar, ilk növbədə, 1993-cü ildə obyektiv tarixi zərurətdən doğan şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn möhtərəm Prezident cənab Heydər Əliyevin adı ilə bağlıdır.

Prezident Heydər Əliyevin rəhbərliyi ilə respublikamız 1990-cı illərin ortalarından sosial-iqtisadi böhranı dəf edərək, inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin iqtisadi həyatının dirçəlməsinə təkan verən özəlləşdirmə, aqrar islahatlar aparıldı, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər görüldü.

Demokratik, hüquqi dövlət quruculuğu prosesi geniş vüsət aldı. MDB məkanında ilk dəfə məhz Azərbaycanda ölüm hökmü ləğv edildi. Söz, mətbuat, fikir azadlığı təmin olundu. Beynəlxalq aləmdə respublikamız demokratik ölkə imici qazanmağa başladı.

Bu nailiyyətlər sayəsində 1998-ci ilin prezident seçkilərində cənab Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, növbəti dəfə ölkəyə rəhbər seçildi. Fəxrlə deyə bilərik ki, o vaxt bütün Azərbaycan xalqı kimi, həmkarlar ittifaqlarının üzvləri də cənab Heydər Əliyevin namizədliyini dəstəklədilər.

Bu gün qətiyyətlə demək olar ki, hər an üzləşdiyi maneə və çətinliklərə baxmayaraq, Azərbaycanın dövlət başçısı ən ekstremal vəziyyətlərdə milli və dövlət mənafelərimizin təmin edilməsi üçün dəyanətli addımlar atmağı bacarmışdır.

Cənab Heydər Əliyev hakimiyyətə qayıtdıqdan cəmi bir il sonra, 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsi imzalandı. İnşasına başlanmış Bakı-Ceyhan boru kəməri ilə nəql olunacaq neft, eləcə də “Şahdəniz” yatağından çıxarılaraq Bakı-Ərzurum xətti ilə Türkiyəyə ötürüləcək qaz vətəndaşlarımızın firavan həyatının təmin edilməsində mühüm rol oynamaqla regionda sabitliyin qarantı olacaqdır. Təbii ki, respublika Prezidenti Heydər Əliyevin gördüyü işlər ölkəmizin yaxın gələcəkdə dünyanın hərtərəfli inkişaf etmiş ölkələri sırasında daha öndə yer tutmasına zəmin yaradacaqdır.

İqtisadi islahatlar, ölkəyə investisiya axınının gücləndirilməsi, sahibkarlığa kreditlərin ayrılması, iş adamlarının fəaliyyətinə lazımi şəraitin yaradılması üçün fərmanların imzalanması və digər tədbirlər də ölkə Prezidentinin Azərbaycanın iqtisadi potensialının inkişafına yönəlmiş siyasətinin mühüm tərkib hissələridir.

İqtisadiyyatın və mədəniyyətin inkişafı naminə həyata keçirilən bütün tədbirlər əməkçilərin maddi rifah halının yaxşılaşdırılmasına və mənəvi ruhun yüksəlişinə xidmət edir. 1995-ci illə müqayisədə əhalinin real gəlirlərinin 3 dəfə çoxalması, 2001-ci illə müqayisədə yola saldığımız 2002-ci ildə əmək haqqının 39 faiz artması buna əyani sübutdur.

Cari ilin təsdiq edilən dövlət büdcəsinin sosial yönümlü olması, ölkənin sosial-iqtisadi dirçəlişinin əsas təzahürü hesab edilə bilər. Dövlət büdcəsində iqtisadi artımı əks etdirən göstəricilər iqtisadiyyatda əldə edilmiş uğurların nəticəsi kimi, işçilərin maddi rifahının yüksəldilməsində yarana biləcək müsbət dəyişikliklər üçün qarant rolunu oynayacaqdır.

“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı”nın hazırlanması, yeni iş yerlərinin yaradılması və işsizliyin aradan qaldırılması üçün görülən tədbirlər, əhalinin müəyyən qruplarına \əlillər, pensiyaçılar, məcburi köçkünlər\ sosial yardımların edilməsi sahəsində atılan addımlar da Prezident Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

Ölkəmizdə gedən bu müsbət proseslər həmkarlar ittifaqlarının öz başlıca vəzifələrini - əməkçilərin sosial mənafelərini, qanunla təsbit olunmuş sosial hüquqlarını qorumaq missiyasını daha yaxşı yerinə yetirməyə əlverişli şərait yaradır.

1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsi təşkilatımıza səmərəli fəaliyyət göstərmək üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Azərbaycanda bu qanunla yanaşı, əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının Milli Məclis tərəfindən ratifikasiyası həmkarlar ittifaqlarının normal işləməsinə geniş imkanlar açır.

Biz müstəqil Azərbaycanda sabitliyin bundan sonra da qorunub saxlanması, müstəqilliyimizin və torpaqlarımızın bütövlüyünün təminatçısı olan Milli Ordunun qüdrətinin daha da yüksəldilməsi, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, demokratik islahatların davam etdirilməsi, sahibkarlığın inkişafı, neft strategiyasının uğurla həyata keçirilməsi, söz, mətbuat azadlığı, insan hüquqlarının qorunması, ədalətli sosial islahatların aparılması və işçilərin rifahının yaxşılaşdırılması istiqamətində işlərin irəliləməsi naminə cənab Heydər Əliyevi yenidən respublikamızın Prezidenti kimi görmək istəyirik.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ikinci qurultayının nümayəndələri təmsil etdikləri milyon yarımlıq həmkarlar ittifaqı üzvü adından respublikamızda cari ildə keçiriləcək prezident seçkilərində Azərbaycanın bügünkü Prezidenti Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürür və bütün Azərbaycan xalqını onu dəstəkləməyə çağırırlar.

Biz qəti şəkildə inanırıq ki, cənab Heydər Əliyev bundan əvvəl olduğu kimi, növbəti prezident seçkilərində də xalqın böyük əksəriyyətinin iradəsi ilə daha beş il müddətinə Azərbaycan Prezidenti mandatını qazanacaqdır. Bu inam 1993-cü ilin iyunundan başlayaraq keçdiyimiz yolun tarixi məntiqindən, ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətin nəticələrinin xalq tərəfindən yüksək qiymətləndirilməsindən, Heydər Əliyev – xalq birliyinin sarsılmazlığından, nəhayət, ölkəmizin və xalqımızın gələcəyi ilə bağlı planlardan və həmin planları yerinə yetirmək qüdrətinin məhz cənab Heydər Əliyevə xas olmasından irəli gəlir.

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyası II qurultayının

nümayəndələri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.