SİYASƏT
AZƏRBAYCAN HƏQİQƏTLƏRİ ÇEXİYALI TƏLƏBƏLƏRİN MARAĞINA SƏBƏB OLMUŞDUR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Dilbazilər nəslinin nümayəndələrindən olan Eltay Dilbazi Çexiyanın Mendelovo Universitetinin sahibkarlıq fakültəsində “Azərbaycan bu gün” adlı mühazirə ilə çıxış etmişdir. Məruzədə əsasən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin rentabelliliyi və onun region ölkələri üçün əhəmiyyəti barədə məlumat verilmişdir. Çex tələbələr Azərbaycanı neft ölkəsi kimi tanıdıqlarını bildirərək ölkəmiz haqqında daha ətraflı məlumata malik olmaq istədiklərini bildirmişlər. Eltay Dilbazi ölkəmizdəki ictimai-siyasi vəziyyət və Azərbaycanın yeni seçilmiş Prezidenti İlham Əliyev barədə dinləyicilərə ətraflı məlumat vermiş, onun Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu və ölkədə həyata keçirilən islahatların gücləndirilməsinə çalışdığını bildirmişdir.
Komitədən onu da bildirmişlər ki, dekabrın 11-də Masarik Universitetinin sosial elmlər fakültəsinin “Beynəlxalq əlaqələr və politologiya” kafedrasında Azərbaycandakı seçkilər və Prezident İlham Əliyevin siyasi kursu haqqında təqdimat mərasimi olacaqdır. Tədbirdə bir sıra beynəlxalq təşkilatların iştirakı gözlənilir. Təqdimat mərasimindən sonra “Azərbaycan gecəsi”nin keçirilməsi planlaşdırılmışdır.