İQTİSADİYYAT
“AZƏRBAYCAN HAVA YOLLARI” MOSKVAYA UÇUŞLARI BƏRPA EDİR
Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” Dövlət Mülki Aviasiya Konserni dörd illik fasilədən sonra Bakı-Moskva-Bakı marşrutu ilə uçuşlarI bərpa etmişdir. Konsernin Moskvadakı baş nümayəndəsi Eldar Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan təyyarələrinin uçuşları 1993-cü ilin noyabrında imzalanmış hava nəqliyyatının istismarı haqqında hökumətlərarası saziş çərçivəsində bərpa olunmuşdur. “Azərbaycan Hava Yolları” 2000-ci il yanvarın 1-dən başlayaraq öz təyyarələrinin Moskvaya və Rusiya Federasiyasının digər şəhərlərinə uçuşlarını dayandırmışdı. Buna səbəb Azərbaycan təyyarələrinə qarşı qeyri-standart qiymət siyasətinin tətbiq edilməsi idi. Bundan əlavə, o zaman milli aviaşirkətimiz Rusiya şəhərlərinə uçuşları dünya standartlarına uyğun həyata keçirmək imkanına malik deyildi.
Hazırda “Azərbaycan Hava Yolları”nın üç “Boinq-757” təyyarəsi var ki, bu da uçuşları bərpa etməyə imkan verir.
Eldar Hacıyevin sözlərinə görə, Bakı-Moskva marşrutu ilə yeni reysin açılması bilet qıtlığını aradan qaldırmağa imkan verəcəkdir.