İQTİSADİYYAT
AZƏRBAYCAN HAZIRDA YÜKSƏK İQTİSADİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR VƏ ÖLKƏMİZİN NAİL OLDUĞU İQTİSADİ TƏRƏQQİ BÜTÜN DÜNYADA MARAQLA İZLƏNİLİR
AZƏRTAC xəbər verir ki, Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Sebastyan Lukas Bruqo Marko bu sözləri martın 6-da Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev ilə görüşdə demişdir.
Azərbaycanın regionun və Avropanın enerji təchizatında mühüm rol oynadığı faktını önə çəkən səfir qeyd etmişdir ki, Argentina dünya siyasətində getdikcə artan rolunu və nüfuzunu nəzərə alaraq, ölkəmizlə əməkdaşlığa mühüm əhəmiyyət verir. Argentinanın bir sıra şirkətləri Xəzər dənizinin enerji resurslarının işlənilməsi prosesində iştirak etmək niyyətindədir. Xüsusilə “Enerjiqaz” dövlət şirkəti bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Natiq Əliyev ölkəmizdə son illər əldə olunmuş iqtisadi nailiyyətlər haqqında səfirə ətraflı məlumat vermiş, Argentina şirkətlərinin Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək niyyətinə müsbət yanaşmış, ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən respublikamızın bütün dünya ölkələri və xarici şirkətlərlə, o cümlədən Argentina şirkətləri ilə də əməkdaşlığa, konkret layihələr ətrafında müzakirələrə hazır olduğunu diqqətə çatdırmışdır.
Sənaye və energetika naziri argentinalı ekspertləri və bu ölkənin şirkət rəhbərlərini Azərbaycana səfərə dəvət etmişdir.