SİYASƏT
AZƏRBAYCAN HUMANİZM PRİNSİPLƏRİNƏ SADİQDİR
Ölkəmizin öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının C.Klerfayt, A.Qross, S.Sonderqaard və digərlərindən ibarət nümayəndə heyəti fevralın 12-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, qonaqları səmimi salamlayan nazir Avropa Şurası ilə əməkdaşlığın səmərəsini qeyd etmiş, ölkəmizdə insan hüquqlarının təmin edilməsi üzrə görülən ardıcıl tədbirlər barədə ətraflı məlumat vermiş, möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin fevralın 11-də imzaladığı əfv Fərmanı ilə 116 nəfərin, o cümlədən dövlət çevrilişi cəhdlərinə və digər ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin əfv edilməsini dövlətimizin humanist siyasətinin real təzahürü kimi dəyərləndirmişdir.
Qonaqlar Azərbaycanda aparılan demokratik islahatlardan, insan hüquqlarının qorunması ilə bağlı görülən işlərdən məmnun qaldıqlarını qeyd etmiş, səfər çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumlarla görüşdüklərini bildirmiş, onların saxlanma şəraitinin xeyli yaxşılaşdığını vurğulamışlar.
Görüşdə faydalı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Tədbirdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin rəisi Aydın Qasımov iştirak etmişdir.