SİYASƏT
AZƏRBAYCAN HUMANİZM PRİNSİPLƏRİNƏ SADİQDİR
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının C.Klerfaytın başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Qonaqları səmimi salamlayan nazir dövlətimizin demokratik prinsiplərə və humanist dəyərlərə sadiqliyini vurğulayaraq bu sahədə aparılan işləri, o cümlədən möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin təşəbbüsü ilə bu günlərdə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktının təqribən 14 min şəxsə tətbiq ediləcəyini bildirmişdir.
Cəzaçəkmə yerlərinə baş çəkərək bir çox məhkumlarla görüşdüklərini, müsbət dəyişikliklərin bilavasitə şahidi olduqlarını qeyd edən qonaqlar onların fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Avropa Şurası ilə əməkdaşlıq, respublikamızın öhdəlikləri və “siyasi məhbus” kimi qələmə verilən şəxslərin işləri üzrə fikir mübadiləsi aparılaraq, bu məsələ ilə bağlı ekspert rəylərinin əhəmiyyəti vurğulanmış, qonaqların qaldırdıqları problemlərə və onları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Tədbirdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov iştirak etmişdir.