İDMAN
AZƏRBAYCAN İDMANÇILARI PEKİNDƏ KEÇİRİLƏCƏK YAY OLİMPİYA OYUNLARINA CİDDİ HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2006-cı ilin yekunları ilə əlaqədar idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatların təqdim olunması mərasimində bildirmişdir. 2008-ci ilin Yay Olimpiya oyunlarının daha gərgin keçəcəyini, dünyada rəqabətin artdığını vurğulayan Prezident demişdir ki, artıq müxtəlif ölkələrdə, hətta böyük idman ənənələri olmayan ölkələrdə idmana xüsusi diqqət yetirilir və idman ölkələrin ictimai həyatında mühüm amilə çevrilir. Ona görə gərək müxtəlif idman növlərində yaxşı hazırlaşaq. Müstəqil Azərbaycanın olimpiya oyunlarında - həm Sidney, həm də Afina olimpiya oyunlarında iştirakı çox uğurlu olmuşdur. Əminəm ki, bu gözəl ənənələr davam edəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.