İDMAN
AZƏRBAYCAN İDMANÇILARI YENİYETMƏLƏRİN 1-Cİ YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK ETMƏK ÜÇÜN SİNQAPURA YOLA DÜŞMÜŞLƏR
Bakı, 12 avqust (AZƏRTAC). Azərbaycanın 100 nəfərdən ibarət nümayəndə heyəti Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün avqustun 12-də Sinqapura yola düşmüşdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda yolasalma mərasimi keçirilmişdir.
Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman Nazirliyinin (GİN) və müxtəlif idman federasiyalarının nümayəndələri, idmançıların valideynləri iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə avqustun 14-də start götürəcək Sinqapur Yay Olimpiya Oyunlarında çıxış edəcək idmançıların bir hissəsi, məşqçilər, MOK və GİN, eləcə də bir sıra federasiyaların rəsmiləri yer almışlar.
Azərbaycan Olimpiya Oyunlarında 8 idman növü üzrə 12 idmançı ilə təmsil olunacaqdır. Millimizn heyətinə qadın güləşi üzrə - Patimat Baqomedova (52 kq), yunan-Roma güləşi üzrə - Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq), sərbəst güləş üzrə - Kənan Quliyev (54 kq), Ali Maqomeddabirov (100 kq), boks üzrə – Şaban Şahpələngov (51 kq), Salman Əlizadə (48 kq), Elvin İsayev (57 kq), cüdo üzrə - Cəlil Cəlilov (55-66 kq), taekvando üzrə - Səbuhi İsmayılzadə (73 kq), ağırlıqqaldırma üzrə Nicat Rəhimov (69 kq) və kayak sprint idman növü üzrə Radoslav Kutsev daxildirlər. İdmançılarımız olimpiadada məşqçilər İlqar Abdulov (yunan-Roma güləşi), Qurban Qurbanov (qadın və sərbəst güləş), Şamil Əlimcanov (boks), Rəşad Məmmədov (cüdo), Səbuhi Zülfüqarov (taekvondo), Nizami Paşayev (ağırlıqqaldırma) və Yohan Tsülkenin (kanoe) rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimində Azərbaycan komandasının bayraqdarı boksçumuz Şaban Şahpələngov olacaqdır.
######