RƏSMİ XRONİKA


AZƏRBAYCAN İLƏ İRAN ARASINDA MÜNASİBƏTLƏR DİNAMİK SURƏTDƏ İNKİŞAF EDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Ulduz” sarayında İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Əfşar Süleymaninin etimadnaməsini qəbul etmişdir.

Səfir Əfşar Süleymani öz etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:

- Cənab Prezident! Mən Sizi və Sizin simanızda Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Sizə Prezident Məhəmməd Xatəminin isti səmimi salamlarını çatdırıram. Onun və Sizin mənə göstərdiyiniz etimada görə çox minnətdaram ki, mən səfir kimi Azərbaycana qayıtmışam. Allahdan diləyim budur ki, Azərbaycan-İran əlaqələrinin möhkəmlənməsində, dərinləşməsində və bütün sahələrdə inkişafında mənə kömək etsin. Əminəm ki, İran və Azərbaycanın müştərək mənafeyi uğrunda çalışacağıq və Zati-aliləri Siz, Azərbaycan Respublikasının möhtərəm Prezidenti bu yolda lazımi göstərişlərinizi verəcəksiniz. Biz isə çalışacağıq ki, Azərbaycanda bu missiyamız iki ölkənin və xalqlarımızın mənafeyi naminə uğurlu olsun.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV səfirə müraciətlə dedi:

- Hörmətli cənab səfir!

İran İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edir və uğurlar arzulayıram.

İranla Azərbaycan arasında münasibətlər çox dinamik surətdə inkişaf edir, bütün sahələri əhatə edir. Biz çox şadıq ki, bu gün iki ölkə arasında əməkdaşlığın genişlənməsi müşahidə olunur. Aramızda olan münasibətlərin yeni mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə İrana rəsmi səfərindən sonra başlamışdır. Həmin səfər çox uğurlu olmuşdur, xeyli sənədlər imzalanmışdır, ondan sonra müxtəlif layihələr üzərində işçi qruplarımız fəaliyyətə başlamışdır.

Hörmətli Prezident Xatəminin Azərbaycana rəsmi səfərindən sonra bizim əlaqələrimiz yeni pilləyə qalxıbdır. Bildiyiniz kimi, bu səfər də çox uğurlu olmuş, müxtəlif sənədlər imzalanmışdır. Bu sənədlərin icrası sayəsində yaxın zamanlarda iqtisadi və digər sahələrdə əməkdaşlıq əməli-praktiki nəticələrini verəcəkdir.

Bilirsiniz ki, enerji sahəsində, digər sahələrdə çox önəmli sazişlər, müqavilələr bağlanmışdır ki, onların icrasına da artıq başlanmışdır. Bu, bizə imkan verəcək ki, ölkələrimiz bir-birinə daha da yaxın olsun, birgə layihələr həyata keçirilsin, regional əməkdaşlıq çərçivəsində də İranla Azərbaycan arasında əlaqələr genişlənsin.

Bu yaxınlarda Təbrizdə Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyətə başlamışdır. Bu, çox önəmli bir hadisədir və bu qərara görə İran hökumətinə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Mən ikitərəfli münasibətlərimizdən çox razıyam. Çox şadam ki, bu gün bizim aramızda bütün məsələlər öz həllini tapır. Bizim qonşu, dost ölkələrimiz daha da yaxından əməkdaşlıq edirlər, insanlarımız bir-birinə daha da yaxın olurlar.

Hörmətli cənab səfir, Azərbaycanda sizi yaxından tanıyırlar, siz burada işləmisiniz və biz çox şadıq ki, məhz sizin kimi insanı Azərbaycana səfir təyin ediblər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

X X X

Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfiri Əfşar Süleymani ilə səmimi söhbət etdi.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq, ona Allahdan rəhmət dilədi. Diplomat dedi ki, çox istərdim ki, cənab Heydər Əliyev Prezident olmasaydı da, həyatda olaydı. Mənim onunla bağlı çox böyük xatirələrim var. Təxminən 6-7 il ərzində onunla çoxlu görüşlərimiz olmuşdur. O, Azərbaycan xalqı üçün çox böyük, tarixi şəxsiyyət idi. Onun hər yerdə yaratdığı əsərləri qalıbdır.

Cənab Prezident, mən Sizinlə də o vaxtkı görüşləri xatırlayıram. Çox şadam ki, Siz Azərbaycanın Prezidenti seçilmisiniz. Azərbaycanla İranın əlaqələri daha da genişlənməlidir və bunun üçün böyük imkanlar var. Azərbaycan mənim üçün qərib yer deyil və əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edəcəyəm.

Cənab Xatəmi Azərbaycana səfəri zamanı ona göstərilən qonaqpərvərlikdən razılığını bildirdi və dedi ki, Prezident İlham Əliyevin yolunu gözləyirik, çünki o, İrana səfər etməsi barədə söz veribdir. Azərbaycan Prezidenti İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- Çox sağ olun, minnətdaram. Xahiş edirəm, mənim ən səmimi salamlarımı hörmətli cənab Prezident Xatəmiyə çatdırasınız. Mən böyük məmnuniyyətlə İrana səfər edəcəyəm.

Siz bilirsiniz ki, burada çox gözəl görüşlər oldu, danışıqlar aparıldı. İmzalanmış sənədlər artıq həyata keçirilir. Amma eyni zamanda, şəxsi ünsiyyət vacibdir. Bizim aramızda da ilk dəqiqələrdən gözəl münasibətlər yarandı. Mən bunu çox yüksək qiymətləndirirəm. Əminəm ki, bu şəxsi münasibətlər bizim ölkələrimiz arasında olan əlaqələrə də gözəl təsir edəcəkdir.

Siz xalqımızın ümummilli lideri Heydər Əliyevi xatırladınız. Onun vəfatı Azərbaycan xalqı üçün böyük itkidir. Biz hələ indiyə qədər bu itki ilə barışa bilmirik. Bir təsəlli tapırıq ki, onun siyasəti, ideyaları yaşayır, onun əsəri olan müstəqil Azərbaycan günü-gündən inkişaf edir, dünyada, regionda özünün mövqelərini möhkəmləndirir və irəliləyir. Biz də - hamımız çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycanda Heydər Əliyev siyasəti əbədi yaşasın. Azərbaycan xalqının xoşbəxt gələcəyi bunu tələb edir.

Əlbəttə, onun İran-Azərbaycan münasibətlərinə verdiyi önəm, hamımıza yaxşı bəllidir. Biz bu yolu davam etdiririk. Hörmətli Prezident cənab Xatəminin səfəri zamanı bu, bir daha öz əksini tapdı. Biz çox istəyirik ki, aramızda olan münasibətlər daha da inkişaf etsin. Mərhum Prezident Heydər Əliyev də bunu çox istəyirdi.

Mən qeyd etdim ki, onun İrana rəsmi səfəri bu baxımdan çox əhəmiyyətli idi. O, həmin səfərdən çox razı qalmışdı və razılaşmalar imzalanmış, dərhal sonra həyata keçirilməyə başlanmışdı.

Mən yenə də deyirəm, ikitərəfli münasibətlərimizdən çox razıyam, əminəm ki, sizin kimi təcrübəli səfir, Azərbaycanı tanıyan, sevən insan burada elə işləyəcək ki, ikitərəfli münasibətlərimiz daha da inkişaf etsin, genişlənsin, xalqlarımız sülh, əmin-amanlıq şəraitində yaşasınlar, bir-birilə əlaqədə olsunlar.

X X X

Etimadnamənin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin