RƏSMİ XRONİKA
AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIĞIN, DOSTLUQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA YENİ MÜHÜM MƏRHƏLƏ BAŞLAYIR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA ŞURASININ SƏDRİ SERGEY MİRONOV İLƏ GÖRÜŞÜ
Sergey Mironov Azərbaycan dövlətinin başçısını Federasiya Şurasının binası önündə böyük mehribanlıqla qarşıladı. Prezident İlham Əliyevə gül dəstəsi təqdim edildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Federasiya Şurasının sədri Sergey Mironov arasında görüş oldu.
Respublikamızın rəhbəri vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında dostcasına və mehriban münasibətlər mütləq davam etdirilməlidir. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və ölkələrimizin parlamentləri ikitərəfli münasibətlərin inkişafında böyük rol oynamışlar. Sergey Mironovu Azərbaycana səfərə dəvət edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, müntəzəm təmaslar, səfərlər xalqlarımız arasında qarşılıqlı anlaşmanın yaxşılaşmasına daha çox kömək edəcəkdir.
Cənab Sergey Mironov görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı ilə əlaqədar Prezident İlham Əliyevə bir daha başsağlığı verdi və bildirdi ki, Azərbaycanın ümummilli liderinin ölkələrimiz arasında əlaqələrin inkişafında son dərəcə böyük xidmətləri olmuşdur və bu, heç vaxt unudulmayacaqdır.
Federasiya Şurasının sədri Rusiya və Azərbaycanın qanunvericilik orqanları arasında əməkdaşlığın səviyyəsindən çox razı olduğunu və bunun gələcəkdə inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev Moskva metrosunda törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə əlaqədar Federasiya Şurasının sədri Sergey Mironova başsağlığı verdi və zərərçəkənlərin tezliklə şəfa tapmasını arzuladı.
Söhbət zamanı “Qafqaz dördlüyü” çərçivəsində parlament sədrlərinin iştirakı ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı, bunların gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulandı.
Səmimilik şəraitində keçən görüşdə müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması prosesi, ölkələrimizi maraqlandıran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıldı.