SİYASƏT
AZƏRBAYCAN İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 17-də Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid əl Anqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ölkəsinin ali hökumət rəhbərlərinin səmimi salamlarını çatdıran doktor Xalid əl Anqari Azərbaycanda keçirdiyi görüşlər və apardığı səmərəli danışıqlar barədə ətraflı məlumat verdi, qeyd etdi ki, Bakıda Təhsil Nazirlikləri arasında imzalanmış memorandum ölkələrimizin təhsil sahəsində əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hüquqi zəmin olacaqdır.
Bütün beynəlxalq tədbirlərdə Səudiyyə Ərəbistanının respublikamıza daim dəstək verdiyini, Azərbaycanın haqq işini müdafiə etdiyini və hər cür kömək göstərməyə hazır olduğunu xüsusi minnətdarlıqla xatırladan Baş nazir Artur Rasizadə, ölkələrimizin dövlət rəhbərləri arasında yaranmış sıx dostluq münasibətlərinin hökumətlərarası əlaqələrə də müsbət təsir etdiyini vurğuladı. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli faydalı əməkdaşlığın böyük perspektivlərə malik olduğunu nəzərə çatdıran Baş nazir bildirdi ki, təhsil sahəsindəki əlaqələrin inkişafı üçün də hökumət bütün müvafiq addımları atmağa hazırdır. Baş nazir müxtəlif akademik proqram və materialların geniş mübadiləsinə, ölkələrimizin ali məktəblərində tələbələrin təhsil alması üçün şərait yaradılmasına, Azərbaycan və ərəb dillərinin tədrisinə böyük önəm verməyi tövsiyə edərək, təhsil sahəsində mütəmadi təcrübə mübadilələri aparmağın vacibliyini diqqətə çatdırdı.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.