SİYASƏT
AZƏRBAYCAN İLƏ TÜRKİYƏNİN DAXİLİ İŞLƏR ORQANLARI ARASINDA İŞGÜZAR ƏLAQƏLƏR İNKİŞAF EDİR
Qonağı səmimiyyətlə salamlayan nazir iki ölkənin daxili işlər orqanları arasında mövcud işgüzar əlaqələr, Türkiyə Baş Jandarm Komandanlığının Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardım, 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası Protokola uyğun olaraq, Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların zabit və gizirlərinin təkmilləşdirmə kursu keçdikləri Tədris Mərkəzinin işi barədə ətraflı məlumat vermişdir.
General-polkovnik Ramil Usubov onu da qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin qardaş Türkiyə ilə hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə dair tapşırığı bu gün dövlətimizin rəhbəri İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bu baxımdan əməkdaşlığın mühüm sahələrini təşkil edən təhsil-təlim və ixtisaslaşdırmanın təkmilləşdirilməsində Türkiyənin təcrübəsinin daha dərindən öyrənilməsi bizim üçün çox vacib amildir.
Səmimi qəbula görə təşəkkürünü bildirən diviziya generalı Cahangir Akşit Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkökün salamlarını Ramil Usubova çatdırmış, ölkəsinin hərbi tədris sahəsində daha geniş əməkdaşlığa, hər cür yardıma hazır olduğunu bildirməklə yanaşı, elmi-texniki potensialı dinamik inkişafda olan Azərbaycanda da öyrənilməli məqamların mövcudluğunu, yaranmış müəyyən təcrübədən, qabaqcıl metodlardan faydalanmağın mümkünlüyünü vurğulamışdır.