MƏDƏNİYYƏT
AZƏRBAYCAN İSTİQLAL MUZEYİNDƏ 28 MAY - RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ SƏRGİ-TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya zalında 28 May – Respublika Gününə həsr olunmuş “Biz müstəqilliyimizin varisiyik” adlı sərgi keçirilmişdir.
Tofiq İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyası ilə birgə keçirilən sərgidə qalereyanın rəsm dərnəklərində məşğul olan uşaqların mövzuya həsr olunmuş 50-dən çox əl işi nümayiş etdirilir.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi 28 may tarixinin Respublika Günü kimi qeyd olunmasının əhəmiyyətindən, onun yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində müsbət təsirindən söz açmışdır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, qalereyanın müdiri Aynurə Həşimova və başqaları çıxış edərək, tədbirlə bağlı fikirlərini bölüşmüşlər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, T.İsmayılov adına “Uşaq dünyası” qalereyasında məşğul olan məktəblilərin və C.Naxçıvanski adına Hərbi liseyin müdavimlərinin iştirakı ilə keçirilən tədbirdə Yasamal rayon uşaq yaradıcılığı cəmiyyəti üzvlərinin ifasında musiqili bədii kompozisiya göstərilmişdir.