ELM VƏ TƏHSİL
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI AKADEMİYASI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNƏ ÇEVRİLMİŞDİR
Gəncə, 9 aprel (AZƏRTAC). Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Azərbaycan Dövlət Aqrar Universitetinə çevrilməsi münasibətilə universitetin professor və müəllim kollektivinin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqda universitetin rektoru, professor Mirdamət Sadıxov kollektivi əlamətdar hadisə münasibətilə təbrik etmiş, yaradılmasının 80 illik yubileyi ərəfəsində universitetə belə bir statusun verilməsini ölkə başçısının elmə, təhsilə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir.
Akademik Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvü Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru İsa Əliyev və başqaları kollektivə xoş arzularını bildirmiş, belə bir qərarın verilməsini ölkədə kənd təsərrüfatı kadrlarının hazırlanmasında geniş imkanlar açacağını söyləmiş, bunu həmçinin ərzaq təhlükəsizliyi strategiyası istiqamətində atılan növbəti addım kimi qiymətləndirmişlər.