İDMAN


AZƏRBAYCAN KANOEÇİSİ SİNQAPUR OLİMPİADASINDA TARİX YAZDI
RADOSLAV KUTSEV 1/4 FİNALA YÜKSƏLMİŞDİR

Bakı, 21 avqust (AZƏRTAC). Azərbaycanın daha bir avarçəkəni tarixi nailiyyətə imza atmışdır. Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə qoşulan kanoeçimiz Radoslav Kutsev 1/4 finala yüksəlmişdir.

Bir nəfərlik qayıqda çıxış edən Kutsev artıq 4-cü mərhələdədir. Yarış qaydalarına əsasən, 17 yaşlı idmançımız əvvəlcə sınaq yürüşündə 16 iştirakçı arasında handikap üsulu ilə çıxış etmişdir. Yəni, iştirakçılar 2 dəqiqə 30 saniyəlik intervalla 420 metr məsafəyə yürüş etmişdir. Kanoeçimiz bu məsafəni 1 dəqiqə 49,89 saniyəyə qət edərək 9-cu yeri tutmuşdur.

Bundan sonra 1-ci mərhələ başlayıb. İştirakçılar tutduqları yerlərə əsasən, 8 cütlüyə bölünmüşlər. Sınaq yürüşündə 8 ən yaxşı nəticə göstərən kanoeçi sonrakı 8 yerin sahibi ilə simmetrik qaydada (məsələn, 1-ci yerin sahibi 16-cı yerin sahibi ilə, 2-ci yerin sahibi 15-ci yeri tutanla və s.) yarışmışdır. Radoslav Kutsev 8-ci yeri tutan Alexandru Tiqanu (Moldova) ilə mübarizə aparmışdır. Kutsev 1 dəqiqə 48,53 saniyə, Tiqanu 1 dəqiqə 51,08 saniyə nəticə göstərmişdir.

Buna görə də kanoeçimiz təsəlliverici yürüşlərin keçirildiyi 2-ci mərhələyə yox, birbaşa 3-cü mərhələyə yüksəlmişdir. 3-cü mərhələdə Kutsevin rəqibi Pedro Kastaneda (Meksika) olmuşdur. Bu dəfə Kastaneda daha yaxşı nəticə göstərmişdir. Meksikalı kanoeçi 420 metr məsafəni 1 dəqiqə 49,45 saniyəyə, həmyerlimiz isə 1 dəqiqə 54,97 saniyəyə qət etmişdir. Lakin reqlamentə əsasən, 4-cü mərhələyə 3-cü mərhələdə yarışan 6 cütlüyün qalibləri və uduzanlar arasında ən yaxşı nəticəni göstərən 2 idmançı yüksəlmişdir. Cütlərin məğlubları arasında ən yaxşı 2 nəticə isə qazaxıstanlı Timofey Yemelyanovla (1 dəqiqə 48,55 saniyə) Radoslav Kutsevə məxsus olmuşdur.

Beləliklə, cəmi 4 ilə yaxındır yaradılan Azərbaycan Milli Avarçəkmə Federasiyasının Olimpiadalar tarixində ilk təmsilçisi öz yaşıdları arasında 8 ən güclü kanoeçi sırasına çıxmışdır. Avqustun 22-də yerli vaxtla saat 15:15-də (Bakı vaxtı ilə saat 12:15-də) Kutsev 1/4 final yürüşündə iştirak edəcəkdir. Onun rəqibi Osvaldo Sakerio Kardenas (Kuba) olacaqdır. Qələbə təqdirində, kanoeçimiz yarımfinala yüksələcəkdir. Uduzacağı halda isə o, mübarizəni dayandıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.