MƏDƏNİYYƏT


AZƏRBAYCAN KARİKATURA EVİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, 1 Aprel Beynəlxalq Gülüş günündə karikaturaçı rəssamlarımız gözəl hədiyyə almışlar. Dövlət Muğam Teatrında Azərbaycan Karikatura Evinin açılış mərasimi olmuşdur.

Muğam Teatrının direktoru Arif Qazıyev mərasimi açaraq bildirdi ki, karikatura evinin burada yerləşməsi təsadüfi deyildir. Çalışmışıq ki, Muğam Teatrını sevərək buraya gələn xarici qonaqlarımız həm də bizim karikaturaçı rəssamlarımızın əsərləri ilə tanış olsunlar.

Karikatura evi rəssamlarımızın ilk sərgisi ilə açıldı. Sərgidə tamaşaçılara10 nəfər karikaturaçı rəssamın 100-dən artıq işi təqdim edildi.

Azərbaycan Karikatura Evinin direktoru, tanınmış karikaturaçı rəssam, karikaturaçıların beynəlxalq müsabiqəsinin laureatı Soltan Soltanlı karikatura sənətimizin 100 ilik tarixindən söz açdı. Bildirdi ki, ölkəmizdəki zəngin ənənə 1906-cı ildə nəşrə başlamış “Molla Nəsrəddin” jurnalından, 1952-ci ildə işıq üzü görən “Kirpi” jurnalından - Əzim Əzimzadə yaradıcılığından bəhrələnmişdir.

Azərbaycanda karikaturaçı rəssamlar nəslinin yetişdiyini vurğulayan natiq bildirdi ki, hazırda onlar beynəlxalq müsabiqələrdə və festivallarda ölkəmizi layiqincə təmsil edirlər. Karikatura janrı indi dünyada olduqca populyardır. Ölkələrin çoxunda karikatura evləri vardır. Bizdə də belə bir evin açılması olduqca əlamətdardır. Respublikamızda karikatura sənətinə verilən qiymətdir. İndən belə burada istər bizim, istərsə də xarici karikaturaçıların fərdi sərgilərini açmaq mümkün olacaqdır. İnanıram ki, karikaturaçı rəssamlarımızın belə bir evinin olması bu sənətin inkişafında böyük rol oynayacaqdır.

“Karikatura” jurnalının redaktoru Seyran Cəfərli Soltan Soltanlıya Azərbaycan Karikaturaçılar İttifaqının diplomunu təqdim etdi. Karikaturaçı rəssamlarımıza uğurlar arzuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.