MƏDƏNİYYƏT
“AZƏRBAYCAN KİNOSU VƏ MÜHARİBƏ” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Nazirliyin əməkdaşı Cəmil Fərəcov bu qurumun sifarişi ilə işıq üzü görən kitabın məziyyətlərindən danışmışdır. Bildirmişdir ki, kitabda Böyük Vətən müharibəsi dövründə Azərbaycan kino işçilərinin həm ön cəbhədə çəkilişlər aparmaları, həm də əldə silah düşmənlə üz-üzə vuruşmaları, arxa cəbhədə dövrün kino salnaməsini lentə almaları barədə ətraflı məlumat verilir.
Kitabda kinematoqrafçılarımızın müharibədən sonrakı illərdə bu mövzuda yaratdıqları bədii və sənədli filmlərdən də geniş bəhs edilir. Həmin filmlərdə faşizm üzərində qələbənin qazanılmasında xalqımızın, xüsusən neftçilərin, neftçi alimlərin, Azərbaycan neftinin müstəsna rolundan danışılır.
Kitabda bədii və sənədli filmlərdən fotokadrlar da verilmişdir.
Tədbirdə kitabın Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illiyinə həsr edildiyini vurğulayan Aydın Kazımzadə onun yazılma prosesi barədə ətraflı məlumat vermişdir.
Axırda müharibədə həlak olmuş kinematoqrafçıların ailə üzvlərinə “Azərbaycan kinosu və müharibə” kitabı təqdim edilmişdir.