RƏSMİ XRONİKA
AZƏRBAYCAN-LATVİYA BİZNES FORUMU
Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Riqada, “Latviya İctimaiyyət Evi”ndə Azərbaycan-Latviya biznes forumu işə başlamışdır.
Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi və Latviya Prezidenti Vayra Vike-Freyberqanı hərarətlə qarşıladılar.
Latviya İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris Ozols forumu açaraq, dövlət başçılarını salamladı. Forumda hər iki tərəfdən 100-ə qədər iş adamının iştirak etdiyini bildirərək dedi ki, əsas məqsəd sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.
Andris Ozols bildirdi ki, bu latviyalı və azərbaycanlı iş adamlarının ikinci biznez forumudur. Birinci forum Latviya Prezidentinin Azərbaycana səfəri zamanı keçirilmişdir. Belə tədbirlərin ikitərəfli əməkdaşlıq baxımından səmərəli olduğunu vurğuladı.
Sonra prezidentlər biznes forumda nitq söylədilər.