İQTİSADİYYAT
AZƏRBAYCAN: LAYİQLİ ƏMƏYİN TƏMİN OLUNMASINDA ÖNCÜL İSTİQAMƏTLƏR MÜƏYYƏN EDİLMİŞDİR
Proqram BƏT və onun tərəfdaşları – Azərbaycan hökumətinin, işəgötürənlər və işçilər birliklərinin nümayəndələri tərəfindən birgə hazırlanmışdır. Sənəddə əsas strateji istiqamətlər, ölkənin layiqli əməyə doğru uğurla irəliləməsi üçün planlaşdırılan nəticələr və göstəricilər əksini tapmışdır.
Proqram, ilk növbədə, əhalinin məşğulluğunun təmin edilməsinə yönəldilmişdir. Ümumi daxili məhsulun xeyli artmasına baxmayaraq, Azərbaycan bu sahədə ciddi problemlərlə hələ də qarşılaşır. 2003-cü ildə Prezident İlham Əliyev beş il ərzində 600 min yeni iş yeri yaradılması kimi mühüm vəzifə irəli sürmüşdür. Bu gün artıq 475 min iş yeri yaradılmışdır ki, onların da yarısı daimi iş yerləridir.
Ölkə əhalisinin üçdə iki hissəsini və işsizlərin ümumi sayının 61 faizini təşkil edən gənclərin bu məsələdə ən zəif qrup olması ilə əlaqədar üç il əvvəl Azərbaycan Gənclərin məşğulluq şəbəkəsinə - BMT-nin, Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatının qlobal alyansına qoşulmuşdur. Ölkəmiz bu Şəbəkənin 19 iştirakçısından biri olmuşdur. BƏT gənclərin məşğulluğunun inkişafı üzrə tədbirlərin Azərbaycanın milli məşğulluq strategiyasına daxil edilməsinə texniki cəhətdən kömək göstərmişdir.
Yeni proqrama uyğun olaraq, BƏT əmək bazarı barədə məlumatların geniş əhatəli bazasının yaradılmasına və layiqli əmək göstəriciləri sisteminin hazırlanmasına da kömək edəcəkdir. O, “Öz biznesinə başla və onu təkmilləşdir” proqramının köməyi ilə sahibkarlığın inkişafına da yardım göstərəcək, BƏT-in hazırladığı əmək vərdişləri modulları əsasında texniki peşə təhsilinin yenidən qurulmasında öz tərəfdaşlarını dəstəkləyəcəkdir. Bundan başqa, əməyin mühafizəsinin milli sisteminin təkmilləşdirilməsinə də kömək ediləcəkdir.
Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda layiqli əmək proqramının hazırlandığı ilk ölkədir.