RƏSMİ XRONİKA
AZƏRBAYCAN-LİTVA: DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ
LİTVA RESPUBLİKASININ PREZİDENTİ VALDAS ADAMKUSUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN-LİTVA BİZNES FORUMU
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Bakının “Excelsior” mehmanxanasında Azərbaycan-Litva biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Valdas Adamkus forumda iştirak etmişlər.
Forumun iştirakçıları dövlət başçılarını səmimiyyətlə qarşıladılar.
Azərbaycanın iqtisadi inkişaf naziri HEYDƏR BABAYEV açılışda çıxış edərək, dövlət başçılarını və forumun iştirakçılarını salamladı, iqtisadi əməkdaşlığın inkişafına maraq göstərən hər iki ölkənin iş adamlarına təşəkkürünü bildirdi. O, Azərbaycanın iqtisadi uğurlarından danışaraq, ümumi daxili məhsulun həcminin ildən-ilə artdığını, dövlətimizi regionda lider ölkəyə çevirən qlobal enerji layihələrinin həyata keçirildiyini qeyd etdi. Nazir bildirdi ki, ölkəmizdə qeyri-neft sektoru fəal inkişaf edir, sosial sahəyə, əhalinin rifahının yüksəlməsinə böyük diqqət yetirilir.
Azərbaycan Avropa qurumlarına inteqrasiya siyasəti aparır, ölkəmiz Avropa İttifaqının “Genişlənən Avropa - yeni qonşular” proqramına qoşulmuşdur.
Heydər Babayev Azərbaycan-Litva iqtisadi əməkdaşlığından danışaraq dedi ki, 2005-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 7 milyon dollar olmuşdur. O, ümidvar olduğunu söylədi ki, bu forum qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişlənməsində, Azərbaycanın və Litvanın işgüzar dairələrinin nümayəndələri arasında əlaqələr yaradılmasında öz rolunu oynayacaqdır.
Azərbaycan və Litva prezidentləri forumda nitq söylədilər.