SİYASƏT
AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN SƏDRİ ALMATI VİLAYƏTİNİN FƏXRİ VƏTƏNDAŞIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Almatı Vilayət Hakimiyyətinin qərarı ilə buradakı “Qobustan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əsli Osmanovaya vilayətin fəxri vətəndaşı adı verilmişdir.
Ölkədə filologiya elmləri namizədi, Qazaxıstanın əməkdar müəllimi Əsli Osmanovanın adı hörmətlə çəkilir. O, Almatıda çap olunan on cildlik “Qazax dilini izahlı lüğəti” fundamental kitabının müəlliflərindən biridir. Məhz buna görə də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Əsli Osmanovanı “Qazax dilinin anası” adlandırmışdır.
Əsli xanımın valideynləri repressiya illərində Qazaxıstana sürgün olunmuş, qürbətdə özlərinə gün-güzəran qurmuş, hörmət-izzət sahibi olmuşlar.