ELM VƏ TƏHSİL


AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ İLƏ ARDNŞ-NİN “NEFTQAZTİKİNTİ” TRESTİ ARASINDA PROTOKOL İMZALANMIŞDIR

Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti arasında Protokolun imzalanma mərasimi keçirilmişdir.

Protokol bir müddət əvvəl ARDNŞ ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun müddəalarının icrası ilə əlaqədar tədbirlər proqramını əks etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında keçirilmiş mərasimdə trest rəhbərliyinin nümayəndələri, universitetin müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil ocağının potensialından danışmış, burada təhsil alan tələbələrin istehsalatda bilavasitə əlaqəli şəkildə təcrübə qazanması, nəzəri biliklərinin tətbiqi, neft-qaz sənayesində istifadə edilən yeni texnika və texnologiyalara yiyələnməsi baxımından imzalanan Protokolun əhəmiyyətini vurğulamışdır.

“Neftqaztikinti” Trestinin müdiri Rizvan Abbasov bildirmişdir ki, universitetlə qurulan bu əlaqələr gələcəkdə trestin savadlı və perspektivli inşaatçı kadrlarla təmin olunmasında öz bəhrələrini verəcəkdir.

Protokol universitetin elmi-texniki nailiyyətlərinin istehsalata tətbiqinin sürətləndirilməsi, həmçinin tələbələrdə təcrübi biliklərə marağın artırılması üçün əməkdaşlığın genişləndirilməsi məsələlərini əhatə edir. Protokola əsasən, qarşılıqlı təcrübə mübadilələrinin, elmi-praktiki konfransların təşkil edilməsi, universitet tərəfindən ARDNŞ-nin müvafiq mütəxəssisləri üçün seminar və müşavirələr keçirilməsi, tələbə-müəllim heyətinin sınaq işləri üçün trestin laboratoriyalarından yararlanması və digər tədbirlər nəzərdə tutulmuşdur. Bundan əlavə, fərqlənən tələbələrin ARDNŞ-nin təqaüd müsabiqələrinə cəlb olunmasının təşkil edilməsi, universiteti ARDNŞ-nin təqaüdü ilə bitirmiş məzunların şirkətin struktur bölmələrində işlə təmin olunması da sənəddə öz əksini tapmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.