MƏDƏNİYYƏT
AZƏRBAYCAN MUSİQİSİNİN YÜKSƏK SƏVİYYƏSİ
İsveçrədə “Yaradıcı şəxsiyyətin azadlığı” mövzusunda keçirilən Ümumdünya simpoziumuna hər il dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimləri dəvət edilirlər. Yazıçı Qabriel Qarsia Markes, şair İosif Brodski, dirijor Keyno Naqano və başqaları onların arasında olmuşlar. Bu il simpoziuma Azərbaycan bəstəkarı Firəngiz Əlizadə də dəvət edilmişdi. Builki iştirakçıların reytinqi də kifayət qədər yüksək idi. Onların arasında Yaponiya alimi, Nobel mükafatı laureatı Leo Esaki, Amerika Birləşmiş Ştatlarından olan alim Kumar Pael, İrlandiya yazıçısı Toni Ungerer də vardı.
Firəngiz Əlizadənin çıxışı böyük maraq doğurmuşdur. Diskussiyanın aparıcısı professor Qotlib Günter demişdir ki, “ klassik musiqi sahəsindəki nailiyyətləri ilə dünyada tanınmış Firəngiz Əlizadə yaradıcı şəxsiyyətinin gücü, parlaq fərdiyyəti və yüksək intellekti ilə hamının qəlbini fəth etmişdir”.
Azərbaycan bəstəkarının musiqisi “İpək yolu” musiqi layihəsi üzrə Amsterdam, Brüssel, Paris, Lion, Köln şəhərlərinə təşkil olunmuş qastrol səfəri zamanı böyük uğur qazanmışdır. Avropa, Asiya və Amerika musiqiçiləri layihənin rəhbəri, tanınmış violonçel çalan Yo-Yo-Manın idarəsilə Firəngiz Əlizadənin “Dərviş” əsərini ifa etmişlər. Dərviş partiyasını Alim Qasımov oxumuşdur. Yo-Yo-Ma amerikalı pianoçu ilə birlikdə Firəngiz Əlizadənin “Habilsayağı” əsərini də tamaşaçılara təqdim etmişlər.
“İpək yolu” musiqi layihəsi Azərbaycan musiqisinin yüksək səviyyəsini bir daha nümayiş etdirmişdir.