İQTİSADİYYAT
AZƏRBAYCAN NƏQLİYYAT DONANMASININ GÜCÜNÜ ARTIRIR
Rusiyanın “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilən və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) dəniz sahələrində neft məhsullarının daşınması üçün nəzərdə tutulan tankerin Azərbaycana gətirilməsi bu ilin oktyabr ayı üçün planlaşdırılır. AZƏRTAC-ın müxbirinə bu məlumatı TASİS-in Bakı nümayəndəliyndən vermişlər.
Nümayəndəlikdən bildirmişlər ki, bu gəmi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə “Krasnoye Sormovo” zavodu arasında sazişə uyğun olaraq inşa ediləcək 4 tankerdən biridir. Bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürmüşdür.
TASİS-in nümayəndələri demişlər ki, regionda yükdaşımaların əsas hissəsi dəmir yol nəqliyyatının payına düşsə də, su nəqliyyatının rolu da getdikcə artır. 2002-ci ildə mərkəzi seqment (Gürcüstan-Azərbaycan) üzrə bütün nəqliyyat vasitələri ilə 30,1 milyon ton müxtəlif yüklər daşınmışdır ki, bunun da 24,6 faizi su nəqliyyatının payına düşür.
Mütəxəssislərin hesablamalarına görə, daşımaların həcmi cari ildə də artaraq, iqtisadiyyatın bütün sahələrinin inkişafına müsbət təsir göstərir.