İDMAN
AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ PEKİN YAY OLİMPİYA OYUNLARINA HAZIRLIQLA BAĞLI ÇİNDƏ KEÇİRİLƏN SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Pekində 29-cu Yay Olimpiya Oyunlarına həsr olunmuş ilk seminar keçirilmişdir. Seminarda iştirak etmiş Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və olimpiya yığma komandamızın şef de missionu (nümayəndə heyətinin rəhbəri) İlham Mədətov avqustun 10-da bununla bağlı mətbuat konfransı keçirmişlər.
Ç.Hüseynzadə bildirmişdir ki, seminarda yarışların Təşkilat Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin məsul işçiləri yarış meydançaları, akkreditə və idman növləri üzrə qeydiyyat, nəqliyyat, “Olimpiya kəndi”ndə yerləşmə, tibbi xidmətlər, dopinq nəzarəti, olimpiya həmrəyliyi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Ölkəmizin Çindəki səfirliyi Azərbaycan nümayəndə heyətinin seminarda iştirakı üçün hər cür şərait yaratmış, habelə 2008-ci ildə keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançılarına hər cür kömək göstərəcəyinə söz vermişdir. Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev isə MOK-un Pekin Yay Olimpiya Oyunları Təşkilat Komitəsindəki attaşesi seçilmişdir.
Seminarda 204 ölkənin nümayəndəsi iştirak etmişdir. Tədbirin ikinci günü iştirakçılar 31 idman obyektinin maketi ilə tanış olmuş, daha sonra idman qurğularının yerləşdiyi ərazilərə baxmışlar.
Avqustun 8-də iştirakçılar Pekində Olimpiya Oyunlarının başlanmasına düz bir il qalması ilə əlaqədar keçirilən təntənəli bayram mərasiminə qatılmışlar.
MOK-un vitse-prezidenti idmançılarımızın Çində çətinliklə üzləşəcəyini də gizlətməmişdir. O demişdir ki, ən böyük problem Çində havanın çox isti və rütubətli olmasıdır. Bu isə açıq havada mübarizə aparacaq idmançılar üçün problemlər yaradacaqdır.
Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın 40-45 idmançısının iştirakının planlaşdırıldığını deyən Ç.Hüseynzadə, ümumilikdə Çin paytaxtının yarışlara tam hazır olduğunu vurğulamışdır.
“Olimpiya kəndi”nə baş çəkən Azərbaycan nümayəndə heyəti artıq idmançılarımızın qalacağı yeri də müəyyənləşdirmişdir. Yığma komandamızın şef de missionu İlham Mədətov demişdir ki, “Olimpiya kəndi”ndə binalar 6-9 mərtəbəlidir. Biz Gürcüstan idmançıları ilə bir binada qalmaq üçün Təşkilat Komitəsinə müraciət etmişik.