SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏSİNİN HAZIRLADIĞI SƏNƏD AŞ KATİBLİYİNƏ TƏQDİM OLUNMUŞDUR
R.Hüseynovun hazırladığı sənəd artıq Böyük Britaniya, Kanada, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Ukrayna və bir sıra digər ölkələrin deputatları tərəfindən imzalanmış və o, AŞ-nin Katibliyinə təqdim edilmişdir.
“Avropa Jurnalistika Universiteti” adlı sənəddə deyilir:
“Jurnalistikanın inkişafına yardım etmək, söz, mətbuat azadlığının daha geniş ölçüdə təmin edilməsi istiqamətində çalışmaq, jurnalistlərin və kütləvi informasiya vasitələrinin hüquqlarını qorumaq Avropa Şurasının prioritetlərindəndir. Avropa Şurasının son illərdə bu sahədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Lakin müşahidələr göstərir ki, jurnalistlərin bir çox problemlərinin səbəbi yalnız kənar amillərlə deyil, həm də onların özlərinin bir sıra hallarda kifayət qədər yüksək olmayan peşə hazırlığından və qeyri-professionalizmindən irəli gəlir. Bu hal xüsusən yeni müstəqillik əldə etmiş ölkələrin mətbuat işçiləri ilə bağlı daha tez-tez baş verir. Qapalı rejimlərdən xilas olmuş ölkələrdə yeni şəraitin açdığı imkanlar sayəsində çoxlu müstəqil qəzet və jurnallar, radio və televiziyalar əmələ gəlmişsə də, onlarda çalışanların heç də hamısı normal jurnalistika savadı görmüş şəxslər deyildir. Bu isə istər-istəməz, bolluca problemlərin ortaya çıxmasına səbəb olur.
Avropa Şurası üzv ölkələrdəki jurnalist kadrlarının peşə hazırlığının artırılması, professionalizminin yüksəlməsi üçün əhəmiyyətli işlər görə bilər. Avropa Şurası Parlament Assambleyasında daimi fəaliyyət göstərən Avropa Jurnalistika Universitetinin yaradılması üçün geniş imkanlar mövcuddur.
46 üzv ölkənin ən təcrübəli jurnalistlərini, reportyorlarını, jurnalistika üzrə alim və pedaqoqları cəlb etməklə əvvəlcə bu universitetin fəaliyyət proqramını tərtib etmək zəruridir. Avropada və dünyada jurnalistika üzrə ən yaxşı dərslikləri seçərək, tədrisi onların əsasında qurmaq olar. Üzv ölkələrdən müstəqil mətbuatda çalışan gənclərin bu universitetə qəbul edilməsinin prinsipləri müəyyənləşdirildikdən sonra AŞPA-nın ekspertlər qrupu seçmə yolu ilə vaxtaşırı Avropa Jurnalistika Universitetinin yeni tələbə qruplarını toplayar. Bu universitetdə təhsil alanlar peşəkar jurnalistika vərdişlərinə yiyələnməkdən əlavə, Avropa Şurası dəyərlərini də daha artıq mənimsəmək və həmin dəyərləri öz ölkələrində təbliğ etmək fürsəti əldə edərlər. Eyni zamanda, onlar AŞPA-nın üzvü olan görkəmli siyasətçilərlə daimi ünsiyyətdə olmaq, siyasi jurnalistikanın və müasir sağlam reportyorluğun ən müasir texnologiyalarını mənimsəmək imkanı qazanarlar. Avropa Şurasının üzvü olan müxtəlif ölkələrdən gələn bu tələbələr həm də öz ölkələrindəki mətbuatın vəziyyəti barədə AŞPA-da mütəmadi real və dolğun informasiyanın olmasını təmin edər, Avropa mətbuatında demokratik ab-havanın davamlı təmini üçün ictimai nəzarət funksiyasını da yerinə yetirmiş olarlar. AŞPA-nın nəzdində yaranmış Avropa Jurnalistika Universiteti tədricən yalnız üzv dövlətlərin deyil, digər ölkələrdən olan jurnalist kadrların da yetişməsi üçün dünyadakı ən əsas tədris mərkəzlərindən birinə çevrilə bilər.
Bütün bunları əsas götürərək, Parlament Assambleyası Avropa Jurnalistika Universitetinin yaradılması ilə bağlı konkret işlərə başlamağı zəruri hesab edir.
Bundan ötrü mədəniyyət, elm və təhsil komitəsində problemin müzakirə edilərək məruzəçi təyin olunmasını tövsiyə edir.
Nazirlər Komitəsini dəvət edir ki, üzv dövlətlərin bu ideyanı dəstəkləməsi üçün konkret təklif və təşəbbüslərini öyrənsin”.