CƏMİYYƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ KONVENSİYANIN İCLASINDA İŞTİRAK EDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıqyetişdirmə departamentinin rəisi Rauf Hacıyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti vəhşi heyvanların və yabanı bitkilərin nadir növlərinin ticarətinə dair Beynəlxalq Konvensiyanın (CITES) Cenevrədə keçirilən 50-ci iclasında iştirak edir. Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda Konvensiyanın rəhbər orqanlarının ötənilki fəaliyyəti haqqında hesabatı dinləniləcək, 2004-cü ildə fəaliyyət istiqamətləri, qarşıdakı illərin büdcəsi, faunanın müxtəlif növlərinin, o cümlədən Xəzərdə nərə balıqlarının mühafizəsinin vəziyyəti müzakirə olunacaqdır. Tədbirdə Xəzər dənizinin bioloji ehtiyatları üzrə Komissiyanın Moskva iclasında razılaşdırılmış nərə balığı ovuna və qara kürü ixracına dair kvotalar da təsdiq ediləcəkdir.