SİYASƏT
AZƏRBAYCAN ÖZ TORPAQLARININ BİR QARIŞINI DA HEÇ KİMƏ VERMƏYƏCƏKDİR
Aprelin 14-də Azərbaycanın müdafiə naziri general- polkovnik Səfər Əbiyev Avropa Şurası Parlament Assambleyası Siyasi Məsələlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir demişdir : “İnanırıq ki, siz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqəti təfərrüatı ilə öyrənəcək və bu barədə Avropa Şurasına obyektiv məlumat verəcəksiniz”.
Nazir bildirmişdir ki, Cənubi Qafqazda heç bir zaman erməni dövləti olmamışdır. 1828- ci ildə Rusiya- İran müharibəsindən sonra çar Rusiyası Azərbaycan torpaqlarında “erməni vilayəti” yaratmışdır. Ermənistan yarandığı zamandan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etmiş, Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmişdir. SSRİ dağıldıqdan sonra isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək məqsədilə respublikamıza qarşı elan olunmamış işğalçılıq müharibəsinə başlamışdır. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan artıq qaçqın vətəndaşımız çadırlarda dözülməz şəraitdə yaşamaq məcburiyyətində qalmışdır.
General-polkovnik S.Əbiyev demişdir: “Hamıya məlum olmalıdır ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə verməyəcəkdir. Bu münaqişədə Ermənistanın təcavüzkar dövlət olduğu məlumdur. Onu təcavüzkar elan edib haqqında tədbirlər görmək lazımdır.Belə vəziyyətdə döyüş əməliyyatlarının başlamayacağına heç kim təminat verə bilməz. Ermənistan silahlı qüvvələrini təcili surətdə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. O, zaman bu regionda sabitlikdən, əmin-amanlıqdan və təhlükəsizliyin daimi təminatından danışmaq olar.”
AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devis qeyd etmişdir ki, Ermənistan tərəfinin atəşkəs rejimini tez-tez pozması nəticəsində hər iki tərəfdən itkilərin olması faktları bizə məlumdur. O, demişdir: “Məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında atəşkəs rejimini pozmamaq haqqında razılıq vardır və hər iki dövlət Avropa Şurasına daxil olarkən bu münaqişənin dinc yolla həll edilməsi barədə vəd vermişdir. Deməliyəm ki, Azərbaycan öz vədinə əməl edir. Ümidvaram ki, sizin dövlətiniz öz vədinə bundan sonra da sadiq qalacaqdır”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev demişdir: “Biz ümid edirik ki, sizin regiona bu səfəriniz məhsuldar olacaq və Ermənistan- Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətlə həll ediləcəkdir”.
Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Səməd Seyidov iştirak etmişdir.