İDMAN
AZƏRBAYCAN PARALİMPİYAÇILARI DÜNYA ÇEMPİONATI VƏ OYUNLARININ ÜÇÜNCÜ GÜNÜ DAHA İKİ MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Braziliyanın San Paulo və San Kaetano şəhərlərində gözdən qüsurlu əlil idmançılar arasında paralimpiya idman növləri üzrə 3-cü dünya çempionatı və dünya oyunları keçirilir.
Azərbaycanı yarışlarda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yüngül atletləri və cüdoçuları təmsil edirlər.
Yarışların üçüncü günü Azərbaycan cüdoçusu İlham Zəkiyev (100 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olmuşdur. 100 kiloqram çəki dərəcəsində yarışan Tofiq Məmmədov isə bürünc medal qazanmışdır.
Yüngül atletika üzrə yarışlarda Vüqar Mehdiyev və Rza Osmanov 200 metr məsafəyə qaçışda yarışların final mərhələsinə çıxmışlar.
Bir neçə gün əvvəl isə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında Ramin İbrahimov finalda yaponiyalı Satoşi Fujimoto üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 100 metr məsafəyə qaçışda isə Elçin Muradov 11,34 saniyə nəticə ilə B2 kateqoriyasında, həmin məsafəni 11,14 saniyəyə qət edən Vüqar Mehdiyev isə B3 kateqoriyasında bürünc medala layiq görülmüşlər.
Beləliklə, avqustun 8-dək davam edəcək yarışlarda Azərbaycan yığması artıq iki qızıl və üç bürünc medalın sahibi olmuşdur.