SİYASƏT
AZƏRBAYCAN PARLAMENTİNİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ İLHAM ƏLİYEV RUSİYA DÖVLƏT DUMASININ BEYNƏLXALQ MƏSƏLƏLƏR KOMİTƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Fevralın 17-də Milli Məclisdə Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Rusiya parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət dumasının beynəlxalq məsələlər komitəsinin sədri Dmitri Roqozinlə görüşmüşdür.
İlham Əliyev qonağı salamlayaraq, onun Bakıya səfərinin həm parlamentlərarası əlaqələrin inkişafı, həm də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının AŞPA-dakı nümayəndə heyətlərinin əməkdaşlığı baxımından əhəmiyyətini vurğuladı və ümidvar olduğunu bildirdi ki, bu səfər ali qanunvericilik orqanları və ümumiyyətlə, iki ölkə arasında əlaqələrin daha da inkişafı sahəsində öz rolunu oynayacaqdır.
Sonra İlham Əliyev respublikada gedən demokratikləşmə prosesi, iqtisadi islahatların müsbət nəticələri barədə məlumat verdi, Ermənistanın Azərbaycana qarşı təcavüzündən və torpaqlarımızın 20 faizinin zəbt olunmasından, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsindən danışdı. O, Rusiya rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı prinsipini dəstəkləməsini yüksək qiymətləndirdi. Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq mərhələsinə yüksəlməsini və dinamik inkişaf etdiyini vurğulayan İlham Əliyev bu prosesdə iki ölkə prezidentlərinin xüsusi rolunu qeyd etdi. Rusiya prezidentinin Bakıya səfərinin ikitərəfli əlaqələrin inkişaf etməsində xüsusi rol oynadığını bildirdi.
İlham Əliyev Azərbaycan rəhbərliyinin xaricdə, o cümlədən Rusiyada yaşayan soydaşlarımızın vəziyyəti ilə daim maraqlandığını, bu məsələni diqqət mərkəzində saxladığını nəzərə çarpdırdı, Rusiya tərəfinin bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həllində səylərini bundan sonra da əsirgəməyəcəyinə ümidvar olduğunu söylədi. O, AŞPA çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlığını və bir çox məsələlərin həllində eyni mövqedən çıxış etməsini yüksək qiymətləndirdi.
Görüşə görə minnətdarlığını bildirən Dmitri Roqozin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsi münasibətilə İlham Əliyevi təbrik edərək dedi ki, bu hadisə Azərbaycanın Avropa Şurasındakı mövqelərinin daha da möhkəmlənməsinə kömək edəcəkdir. Ölkəmizdə son dəfə on il bundan əvvəl olduğunu xatırladan qonaq bu illər ərzində böyük dəyişikliklər baş verdiyini vurğuladı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini, ölkədə gedən islahatları yüksək qiymətləndirdi. Müstəqillik qazandıqdan sonra həm Rusiyanın, həm də Azərbaycanın eyni problemlərlə qarşılaşdığını vurğulayan Dmitri Roqozin Qafqaz regionundakı münaqişələrin tezliklə həllinə və qaçqın-köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağına ümid bəslədiyini bildirdi. Qonaq son illər Azərbaycanın energetika sahəsində əldə etdiyi nailiyyətlərlə, həyata keçirilən beynəlxalq neft layihələri ilə də maraqlandı.
İlham Əliyev bu sahədə görülən böyük işlər, xarici sərmayələr, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə neftin və Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın ixracı layihələri barədə qonağa məlumat verdi.
Görüşdə Avropa Şurası Parlament Assambleyasında əməkdaşlığın perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov görüşdə iştirak edirdi.
Foto Namiq Məmmədovundur