İQTİSADİYYAT
“AZƏRBAYCAN POÇTU VƏ ELMİ-TEXNİKİ TƏRƏQQİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Azərpoçt DM-in baş direktoru Qəmbər Bəybalayev nazirliyin yaranma tarixindən, Azərbaycan poçtunun keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışmışdır. O demişdir ki, son illər respublikamızda bu sahə hissolunacaq dərəcədə inkişaf etmişdir. Ötən doqquz ay ərzində 100 poçt şöbəsi binası tikilib istifadəyə verilmiş, ilin sonunadək daha 50 belə bina tikmək və yeni iş yerləri açmaq planlaşdırılmışdır.
Bildirilmişdir ki, Azərbaycan poçtu keyfiyyətə görə 2003-cü il Cenevrə konqresində qızıl, bu il isə Buxarest konqresində gümüş medal qazanmışdır. Hazırda müəssisənin 57 rayon və şəhər filialı, 1234 poçt şöbəsi vardır. İşçilər üçün xüsusi forma tətbiq edilmiş, poçt daşınmaları üçün avtomobillər, daha estetik poçt qutuları istifadəyə verilmişdir.
Konfransda poçt sahəsi üzrə ixtisaslı kadrların hazırlanması, yeni xidmət növlərinin tətbiqi, əhali arasında təbliğatın aparılması məsələlərinə də toxunulmuşdur.