SİYASƏT
AZƏRBAYCAN POLİSİ VƏTƏNİNƏ, DÖVLƏTİNƏ VƏ XALQINA SƏDAQƏTLƏ XİDMƏT EDƏCƏKDİR
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru R.Rəsulov açaraq, tədris ilinin yekunları barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən polisin kadr hazırlığına da daim xüsusi diqqət yetirmiş, ulu öndərimizin atalıq qayğısı nəticəsində polis təhsilinin ardıcıl inkişafı təmin edilmişdir. Hələ ötən əsrin 70-ci illərində məhz ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə DİN-in maddi-texniki bazasının inkişafı üçün xüsusi qərar qəbul edilmiş, bu qərara əsasən bir sıra mühüm tikililər, o cümlədən Polis Akademiyasının indiki tədris korpusları istifadəyə verilmişdir. 1995-ci ildə maddi-texniki, tədrisdə yüksək göstəriciləri nəzərə alınaraq, Prezident Heydər Əliyevin göstərişi ilə PA-ya birinci ali təhsil kateqoriyası verilmiş, bununla da professor-müəllim heyətinin məvacibləri xeyli yüksəlmişdir. Hakimiyyətdə olduğu son on ildə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında Polis Akademiyasının əyani və qiyabi şöbələrini 3 minə yaxın gənc bitirmiş, 2500 nəfər əməkdaş isə müxtəlif kurslarda öz ixtisaslarını artırmışdır.
Əgər 1992-ci ilədək Milis Məktəbində cəmi 200 müdavim təhsil alırdısa, indi onların sayı 2 min nəfərə yaxındır. Polis Akademiyasının yaranmasında, inkişafında və kadr potensialının gücləndirilməsində ümummilli liderimizin xidmətləri misilsizdir.
Polis general-mayoru R.Rəsulovun təklifi ilə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bu il Polis Akademiyasının əyani, qiyabi şöbələrini, daxili işlər orqanlarında idarəetmə fakültəsini 424 nəfər uğurla başa vurmuşdur. Əyani təhsilini fərqlənmə ilə bitirmiş 5 məzuna daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis baş leytenantı, 138 məzuna polis leytenantı xüsusi rütbələri, 424 nəfərə isə diplom verilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əlamətdar hadisə münasibətilə bütün mərasim iştirakçılarını təbrik etmiş, məzunlara gələcək işlərində uğurlar arzulamışdır. O xatırlatmışdır ki, ümummilli liderimiz, əzəli və əbədi Prezidentimiz Heydər Əliyev daxili işlər orqanlarında çalışan əməkdaşları həmişə yüksək peşəkarlığa, nizam-intizamlı, bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli insan, dövlətçiliyə sədaqətli vətəndaş kimi görmək istəyirdi. Azərbaycana rəhbərlik etdiyi, müstəqilliyimizin möhkəmləndirildiyi dövrdə o, həmişə bunu tövsiyə etmiş, respublika daxili işlər orqanlarında yüksək peşəkar səviyyəli, öz işini dərindən bilən, vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət edən əməkdaşların hazırlanması qeydinə qalmışdır.
Bu gün biz fəxrlə deyə bilərik ki, daxili işlər orqanları əməkdaşlarının, digər hüquq mühafizə xidmətləri ilə birgə Azərbaycanda sabitliyin qorunması, cinayətkarlığa qarşı uğurlu mübarizə aparılmasında xüsusi yeri və xidmətləri vardır. Məhz bu xidmətlərinə görə ümummilli liderimiz Heydər Əliyev dəfələrlə Azərbaycan polisinin əməyini yüksək qiymətləndirmiş, onun ünvanına xoş sözlər demiş, 400-dən çox əməkdaşımızı ali dövlət mükafatları ilə təltif etmişdir. Bu gün respublika daxili işlər orqanlarında vətəninə, xalqına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələblərinə cavab verən, ona sadiq olan bir polis nəsli yetişmişdir.
Nazir daha sonra demişdir ki, bu gün polis sıralarına əlavə olaraq daha 143 nəfər yeni zabit qəbul olunur. O, əmin olduğunu bildirmişdir ki, məzunlar Polis Akademiyasında aldıqları bilikləri, qazandıqları təcrübəni, peşə vərdişlərini gələcək praktiki fəaliyyətlərində Azərbaycan xalqının, dövlətinin mənafeyi naminə, asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunması yolunda istifadə edəcəklər.
General-polkovnik Ramil Usubov polis zabitləri kimi müstəqil fəaliyyətə başlayacaq məzunlara tövsiyələrini və məsləhətlərini vermişdir.
Daxili işlər naziri mərasim iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan polisi bu gün cinayətkarlıqla mübarizəni uğurla davam etdirir və onun sıralarında öz peşəsini dərindən bilən, böyük bir ordu yetişmişdir.
Respublikanın daxili işlər naziri tədbir iştirakçılarına xatırlatmışdır ki, polis bayramı ərəfəsində ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2 fərman, 6 sərəncam imzalamışdır. Fərman və sərəncamlar şəxsi heyətimizin çox böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Şəxsi heyətə olan böyük diqqət, qayğı, həmçinin tələbkarlıq bu sənədlərdə öz əksini tapmışdır. Polis əməkdaşlarının məvaciblərinin iki dəfə, bəzi xüsusi təyinatlı hissələrdə isə üç dəfə artırılması, onlarla əməkdaşın yüksək dövlət mükafatlarına layiq görülməsi ölkəmizin başçısının Azərbaycan polisinin sədaqətli xidmətinə verdiyi yüksək qiymətdir. Möhtərəm Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda (2004-2008-ci illər) polis əməkdaşlarının sosial problemlərinin həlli, həyat və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində geniş tədbirlər nəzərdə tutulmuşdur. Bir sözlə, dövlətimiz, onun rəhbəri hamımıza, bütün şəxsi heyətə böyük qayğı və etimad göstərir. Hazırda polis nəfərindən tutmuş nazirliyin rəhbərliyinə, kollegiyasınadək hər birimizin borcu ondan ibarətdir ki, bu ali diqqətə, qayğıya öz əməli işimizlə cavab verək.
General-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, Azərbaycan polisi son on ildə olduğu kimi, bundan sonra da xidməti fəaliyyətində vətəninə, dövlətinə sədaqəti ilə seçiləcək, xalqımızın asayişi keşiyində ayıq-sayıq dayanmaqla onun əsl güvənc yerinə çevriləcəkdir.
Sonra nazir Ramil Usubov Polis Akademiyasını əla qiymətlərlə bitirən bir qrup məzuna fərqlənmə diplomlarını və polis baş leytenantı xüsusi rütbələrinin paqonlarını təqdim etmişdir.
Bundan sonra nümunəvi döyüş hərəkətlərinin nümayişi olmuşdur. Təntənəli mərasim şəxsi heyətin hərbi marşın sədaları altında tribuna önündən keçməsilə başa çatmışdır.
Daha sonra daxili işlər naziri və qonaqlar Polis Akademiyasının müasir tələblərə cavab verən fənn otaqları, kompüter sinifləri ilə tanış olmuş, 204 nəfərlik yataqxana binasının tikintisində işlərin gedişi ilə maraqlanmışlar. General-polkovnik R.Usubov Polis Akademiyasının, əlaqədar xidmət və idarələrin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.