REGİONLAR
AZƏRBAYCAN PREZİDENTİNİN KOREYA RESPUBLİKASINA SƏFƏRİ ÖLKƏLƏRİMİZİN AQRAR SAHƏDƏ ƏMƏKDAŞLIĞINA TƏKAN VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri avqustun 17-də İsmət Abasov Koreya Respublikasının ölkəmizdəki səfiri Lü Kvanq-Çul ilə görüşmüşdür.
İsmət Abasov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bu ölkənin mövqeyini minnətdarlıqla qeyd etmiş, 2006-cı ildə dövlətlərimiz arasında ticarət dövriyyəsinin 115,3 milyon ABŞ dolları təşkil etdiyini vurğulamışdır. Nazir iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclasının ötən ilin avqustunda Bakıda keçirildiyini xatırlatmış və komissiya çərçivəsində müxtəlif sahələr üzrə komitənin, o cümlədən Kənd Təsərrüfatı Komitəsinin yaradıldığını bildirmişdir.
İ.Abasov məlumat vermişdir ki, artıq aqrar sahədə bir sıra istiqamətlərdə əməkdaşlıq imkanları müəyyənləşdirilmişdir. Koreya Ərzaq-Tədqiqat İnstitutu ilə Azərbaycan Aqrar-Elm Mərkəzi arasında meyvə-tərəvəz məhsullarının (alma, üzüm, pomidor) saxlama müddətinin uzadılmasına dair birgə tədqiqatların aparılması sahəsində ilkin razılıq əldə edilmişdir. Koreya tərəfi layihənin hazırlanması və maliyyələşdirilməsini öz üzərinə götürmüşdür.
İsmət Abasov komissiyanın ikinci iclasının bu il avqustun 27-29-da Bakıda keçiriləcəyini bildirmişdir.
Nazir Azərbaycanda aparılan aqrar islahatların nəticələri, kənd təsərrüfatı məhsulları istehsalı, ölkə iqtisadiyyatında sahənin xüsusi çəkisi barədə qonağa ətraflı məlumat vermişdir. Vurğulamışdır ki, Koreya Respublikasının Azərbaycanın qeyri-neft sektoruna, o cümlədən aqrar sahəyə investisiya qoyması üçün əlverişli şərait vardır. O, həmin sahələri də sadalamışdır: kənd yerlərində müasir texnologiyalı kiçik və orta həcmli emal müəssisələrinin, xüsusilə supermarket sistemli ət-süd, meyvə-tərəvəz emalı şəbəkələrinin yaradılması; sənaye quşçuluğunun, sertifikatlı toxumçuluğun inkişaf etdirilməsi; regionlarda soyuducu kameralı topdansatış meyvə-tərəvəz bazalarının təşkil edilməsi; meyvə-tərəvəz, şərab məhsullarının, konserv və şirələrin qablaşdırılması üçün plastik və şüşə qabların istehsalı üzrə layihələrin reallaşdırılması və s.
İsmət Abasov Koreya Respublikasının investorlarını Azərbaycana dəvət etmiş və onların fəaliyyəti üçün münbit şərait yaradılacağına söz vermişdir.
Lü Kvanq-Çul Azərbaycan Prezidentinin bu ilin aprelində Koreya Respublikasına səfərinin, müxtəlif sahələrə dair imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına təkan verdiyini qeyd etmişdir. Xatırlatmışdır ki, hazırda Koreya iş adamları Azərbaycanda 40-a yaxın layihə reallaşdırırlar.
Diplomat regionlara səfəri zamanı respublikanın kənd təsərrüfatı sahəsindəki potensialını, münbit torpaqlara malik olduğunu müşahidə etdiyini diqqətə çatdırmış, üzüm istehsalında müasir texnologiyaların tətbiqi, yeni sortların becərilməsi, şərabçılıq sahəsində əməkdaşlığın, birgə müəssisələr yaradılmasının məqsədəuyğunluğunu vurğulamışdır.
Səfir hökumətlərarası komissiyanın birgə iclasına hazırlıq işlərinin gedişi barədə də məlumat vermişdir.