SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ ADINDAN QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN UŞAQLAR ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILMIŞDIR
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bu süfrəni təşkil etdiyinə, ölkəmizin qaçqın və məcburi köçkün uşaqlarını əziz gündə yada saldığına görə, dədə-baba yurdlarından didərgin düşmüş bütün soydaşlarımız, onların uşaqları adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. O dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev qaçqın və köçkünlərlə bağlı problemləri həmişə diqqət mərkəzində saxlamış, yurd-yuvasından didərgin düşmüş insanlardan diqqət və qayğısını heç vaxt əsirgəməmişdir. Möhtərəm Heydər Əliyevin başladığı işləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. “Ölkəmizdə bir çadır düşərgəsi də qalmayacaqdır” deyən Prezident Dövlətqaçqınkoma təkliflər hazırlayıb dövlətimizin başçısına təqdim etməyi tapşırmışdır.
Əli Həsənov onu da xatırlatdı ki, Prezident İlham Əliyev Bakı şəhərində yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililərdə ağır şəraitdə yaşayan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün həmin obyektlərdə təmir işləri aparmaq, yeni proqram hazırlamaq barədə tapşırıq vermişdir. İndi Komitə bu işlərlə məşğuldur. Bütün qaçqın və köçkünlərimizin güvənc yeri xalqımızın ümummilli lideri Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevdir.
İftar mərasimində Qubadlı rayonundan məcburi köçkün, Müasir Təhsil Kompleksi Litseyinin şagirdi, şəhid Milli Qəhrəmanın oğlu Cahandar Mirzəyev, Ermənistan qaçqını, Yeni Ramana qəsəbəsindəki məktəbin şagirdi Rüfanə Hüseynzadə, Xocalı rayonundan məcburi köçkün, hər iki valideynini itirmiş Xəzangül Əmirova, ölkəmizdə Çələbilər nəslinin davamçısı, Hacı Qaraman ocağının bugünkü sahibi Şahlıq Əhmədova çıxış edərək, qaçqın və köçkünlərin, didərginlərin dərdinə şərik olan, onların könlünü alan, qayğı və diqqət göstərən xalqımızın ümummilli lideri Heydər Əliyevə, onun siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Təzəpir məscidinin axundu hacı Faiz Nağızadə iftar duası oxudu, dini ayinləri icra etdi, ölkəmiz müstəqillik əldə etdikdən sonra milli-mənəvi və islami dəyərlərin qorunub salxanmasına və inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından danışdı.
İftar süfrəsi zamanı şux mahnılar səsləndi, qaçqın və köçkün uşaqları dövrə vurub rəqs etdilər.