SİYASƏT


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİ TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidenti Corc Buşun dəvəti ilə bu ölkəyə səfəri Türkiyə kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. 

Türkiyənin nüfuzlu və yüksək tirajlı “Zaman”, “Star”, “Ortadoğu” qəzetləri səfər ilə əlaqədar xəbərlər və analitik məqalələr çap etmiş, “Star-xəbər”, “STV” televiziya kanalları dövlətimizin başçısının keçirdiyi görüşlər barədə materiallar yayımlamışlar.

Türkiyə jurnalistləri və siyasi şərhçiləri Yaxın Şərq regionunda yaranmış gərgin vəziyyət əsnasında Heydər Əliyev kimi təcrübəli, nüfuzlu və dünyada tanınan siyasətçinin ABŞ-a səfərinin strateji əhəmiyyətini xüsusilə vurğulayırlar. “Ortadoğu” qəzetinin baş əlaqələndiricisi və siyasi şərhçisi İrfan Ülkünün martın 7-də dərc olunmuş “Heydər Əliyevin ABŞ-a səfəri” adlı məqaləsini oxuculara təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da qasıq yırtığı ilə əlaqədar müvəffəqiyyətli bir əməliyyat keçirdi. Yaxın günlərdə Azərbaycana qayıdacaqdır. Heydər Əliyevin ABŞ-dakı görüşləri zamanı həm Türkiyəni, həm də ümumiyyətlə, bütün bölgəni maraqlandıran məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti ABŞ Prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni, dövlət katibi və müdafiə naziri, Corc Buşun milli təhlükəsizlik müşaviri Kondoliza Rays ilə görüşdü. İraq məsələləri ilə əlaqədar Prezident Buşla fikir mübadiləsi apardı.

Uzun illər Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunda Yaxın Şərq və müsəlman dövlətləri ilə əlaqələr qurulması işinə məsul olan Heydər Əliyevin Səddam Hüseyn və İraq haqqında fikirlərini, təcrübələrini Corc Buşa bildirdiyi söylənilir. Heydər Əliyev Siyasi Büronun üzvü olduğu zaman İraqı işgüzar səfərlə ziyarət etmişdir.

Ərəfatdan Qəddafiyə, Əsəddən Mübarəkə qədər bütün ərəb liderlərinin Moskvaya ziyarətləri zamanı onlarla görüşmüşdür. Xüsusilə Səddam Hüseyn bitməz-tükənməz silah tələblərini, siyasi istəklərini Heydər Əliyevə çatdırırdı.

Dolayısı ilə Vaşinqton mənbələri bu səfər zamanı Corc Buş və komandasının Heydər Əliyevin İraq məsələsindəki təcrübələrindən faydalandığını nəzərə çarpdırırlar...

Səfər zamanı Türkiyəni, Azərbaycanı, bütün türk dünyasını çox yaxından maraqlandıran bir məqam diqqəti çəkdi.

Bunu Heydər Əliyev Azərbaycan səfirliyində mətbuat konfransında belə açıqladı: Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti mənim yanıma gəldi. Təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsində mart ayının 1-də başlaması nəzərdə tutulan maliyyələşmənin payızın əvvəlinə qədər təxirə salındığını söylədi.

Prezident Heydər Əliyev bundan əlavə Gürcüstandakı bəzi nazirlərin ətraf mühitin çirklənməsi bəhanəsi ilə QHT-lərlə birlikdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstandan keçən hissəsinin marşrutunu dəyişdirmək fikrində olduğunu, bu vəziyyəti Gürcüstanın Prezidenti Şevardnadzeyə telefonla bildirdiyini də qeyd etdi.

Bu vəziyyəti Prezident Buş ilə görüşü zamanı gündəliyə gətirdiyini nəzərə çarpdıran Azərbaycan Prezidenti ABŞ Prezidenti Corc Buşun məsələ ilə maraqlandığını və Xəzərin neft sektoru və Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsindəki siyasətlərinin dəyişməz olduğunu vurğuladı. Corc Buş həmçinin, şirkətlər ilə energetika nazirinin görüşməsini təmin etdi. Konsorsiumu təşkil edən bəzi ABŞ neft şirkətləri bəlkə də yeni alternativ axtarırlar və ya İraqın işğalı nəticəsində yaranacaq və dünya neftinin 10 faizini təşkil edən İraqın neftindən pay almaq üçün belə hiylələrlə Bakı-Ceyhanı çıxmaza salmaq niyyəti güdülür. ..

Beləliklə, bu şirkətlər və onların ardındakı güclər yeni bir alternativ axtarır. Ətrafda “Bu alternativin Xəzər-İran-İraq olduğuna” dair şayiələr dolaşır.

Ancaq Vaşinqtondan gələn məlumatlar Azərbaycan Respublikası Prezidentinin bu addımının Buş və kabineti üçün xeyli təsirli olduğunu göstərir. Gözləyək, görək.

Belə bir vəziyyətdə bizim energetika nazirinə də bir sualım vardır.

“Hörmətli nazir, Sizin Bakı-Ceyhan deyə bir dərdiniz yoxmu?”.

Tural Rzayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.