RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-IN TİCARƏT NAZİRİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də, onun üçün ayrılmış iqamətgahda Birləşmiş Ştatların ticarət naziri Donald Evansı qəbul etmişdir.
Dövlətimizin başçısı ilə görüşmək imkanından şərəf duyduğunu söyləyən nazir Azərbaycan Prezidentinin Vaşinqtona səfərini yüksək qiymətləndirərək dedi ki, ABŞ müstəqil Azərbaycanın uğurlarını maraqla izləyir. O, qlobal əhəmiyyətə malik layihə adlandırdığı Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsini Azərbaycan Respublikasının və şəxsən Prezident Heydər Əliyevin böyük uğuru kimi dəyərləndirdi. Nazir ölkəmizdə əldə olunan tərəqqi münasibətilə dövlətimizin başçısını təbrik etdi, qlobal iqtisadiyyat üçün çox böyük əhəmiyyətə malik olan əsas ixrac boru kəməri layihəsində bir sıra ABŞ şirkətlərinin iştirakından məmnunluğunu bildirdi.
Prezident Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz yataqlarının birgə işlənilməsinə dair dünyanın, o cümlədən ABŞ-ın aparıcı şirkətləri ilə müqavilələrin imzalanmasında, habelə əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatlar hökümətinin xüsusi rolu olduğunu vurğuladı. Eyni zamanda, bütün bu işlərdə gənc, müstəqil Azərbaycan dövlətinin də böyük qətiyyət və iradə nümayiş etdirdiyini xatırlatdı. Dövlətimizin başçısı dedi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə indi də cürbəcür maneələr var. Biz onların aradan qaldırılmasında ABŞ-ın dəstəyinə ümid bəsləyirik.
Dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunmaq sahəsində Azərbaycanın gördüyü işləri ABŞ hökumətinin və ölkənin işgüzar dairələrinin nümayəndələrinin yüksək qiymətləndirdiyini vurğulayan nazir Donald Evans bildirdi ki, Birləşmiş Ştatlar əsas ixrac boru kəmərini Xəzər regionunu dünya iqtisadiyyatına qovuşduran mühüm vasitə hesab edir. Biz bu sahədə Azərbaycanı hər cəhətdən dəstəkləyəcəyik. ABŞ Azərbaycanla həm neft-qaz sektorunda, həm də digər sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.
Gəmiçilik, rabitə və hava nəqliyyatı sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair konkret fikirlər söyləyən nazir ABŞ-ın xarici siyasətdə, xüsusən iqtisadi-ticarət əlaqələrdə Azərbaycana böyük əhəmiyyət verdiyini vurğuladı, bu sahədə Azərbaycan Prezidenti Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Heydər Əliyev ABŞ şirkətlərinin ölkəmizdə müxtəlif işlər gördüyünü, respublikamızın neft sektoruna 2,2 milyard dollar investisiya qoyduğunu xatırlatdı, naziri maraqlandıran məsələlərə cavab verərək dedi:
-Bizim öz şirkətimizin neft hasilatı ildə 9 milyon tondur. “Əsrin müqaviləsi”nə əsasən, “Çıraq” platformasından ildə 7 milyon ton neft hasil olunur. Müqavilə üzrə artıq 27 milyon ton neft ixrac olunubdur. Bunun təxminən 4 milyon tonu Bakı-Novorossiysk kəməri ilə, qalan hissəsi isə Bakı-Supsa kəməri vasitəsilə ixrac edilibdir. Azərbaycan nefti çox keyfiyyətlidir və dünya bazarında başqa neftlərdən bir dollar baha satılır. Sizin şirkətlər qoyduğu investisiyanın 78 faizini götürüblər, yəni 1,2 milyard dollar gəlir əldə ediblər.
2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi başa çatdırılacaqdır. O, tam işə düşəndə ildə 20 milyon ton neft ixrac edə biləcəyik. Amma onun ümumi gücü 50 milyon tondur. Bir neçə ildən sonra isə indi işlənilən yataqlardan təxminən 40 milyon ton neft hasil ediləcəkdir. Qazaxıstanın da Bakı-Tbilisi-Ceyhana qoşulması çox əhəmiyyətlidir. Onda bu neft kəməri ilə daha çox neft daşına bilər. Azərbaycanda qaz ehtiyatları da aşkar olunubdur. “Şahdəniz” yatağının ehtiyatı 1 trilyon kubmetrdir. Xəzərin təkcə Azərbaycan sektorunda təxminən 5 trilyon kubmetr qaz, 4 milyard ton neft var. Amma bunlar ilkin məlumatlardır. Gələcəkdə qazı Türkiyəyə, orada da Yunanıstan ərazisi ilə Avropaya ötürmək imkanımız böyükdür.
Prezident Heydər Əliyevlə görüşün çox əhəmiyyətli olduğunu, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracı üçün çox vacib olan layihələrin uzun müddətə nəzərdə tutulduğunu bildirən cənab Donald Evans dedi ki, bu, dünya ilə çox mühüm bir bağlantı yaradacaqdır. Biz şirkətlərimizin Sizin ölkənin inkişafında iştirakını təmin edəcəyik. Bütün bunlar kommersiya, ticarət əlaqələrinin, tərəfdaşlığımızın möhkəmlənməsinə, birgə müəssisələrin yaradılmasına imkan verəcəkdir. Bunun nəticəsində ABŞ şirkətlərinin gözəl ölkənizdə iştirakını daha çox görəcəksiniz. Bu isə yeni iş yerlərinin açılmasına, insanların güzəranının yaxşılaşmasına səbəb olacaqdır.
Nazir daha sonra bildirdi ki, dünyaya lazım olan enerji daşıyıcılarını Azərbaycan, Qazaxıstan və Xəzərin ətrafında yerləşən digər ölkələr verəcəkdir. Gələcəkdə Qazaxıstan və digər ölkələr də bu layihəyə qatılacaqdır. Azərbaycanın qaz ehtiyatları da həm dünya, həm də ABŞ üçün çox vacibdir.
Azərbaycan Prezidenti Heydər Əliyev maraqlı görüşə görə cənab Donald Evansa bir daha təşəkkür etdi və onu ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.